AZ

Azərbaycan liderinin Rusiyaya səfərdən imtinanın SƏBƏBİ BİLİNDİ -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq.

Bununla bağlı Rusiya tərəfindən məlumat yayılıb. Nəzərə alaq ki, Moskva Qələbə paradına çox ciddi hazırlaşıb. Verilən məlumata görə tədbirə dünyanın 29 ölkəsinin dövlət və hökümət başçısı qatılacaq. Artıq bu gündən başlayaraq fəxri qonaqların qarşılanmasına başlanılıb. Hətta ABŞ-dan qonaqların bu tədbirə qatılacağı gözlənilir.

Amma Azərbaycan lideri son anda bu tədbirə qatılmaqdan imtina edib. İmtinanın səbəbi isə açıqlanmır. Və maraqldıır ki, rəsmi Moskva da məsələ ilə bağlı dəqiq izahat verə bilməyib.


Lakin, Rusiya tərəfi məsələdən ciddi narahatlıq keçirir. Rusiya mətbuatı bununla bağlı müxtəlif versiyalar irəli sürüb. Amma versiyalar o qədər də inandırıcı görünmür.

Bəs, Azərbaycan lideri Moskvay niyə getmədi?

Əlimizdə rəsmi açıqlama olmasa da son zamanlar iki ölkə arasında baş verənlər sualın cavablandırılmasına müəyyən ipucları verir.

Qeyd etməliyik ki, 25 dekabr 2024-cü ildə Rusiyanın hava məkanında AZAL-a məxsus təyyarənin vurulmasından sonra iki ölkə arasında münasibətlər xeyli soyuyub. Günahkarsa Rusiya tərəfidir. Çünki təyyarənin Rusiya hərbçiləri tərəfindən danılmaz sübutlarla təsdiq edilsə də rəsmi Moskva bu terror aktı ilə bağlı nə üzr istədi, nə də ki, günahkarları cəzalandırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində açıq şəkildə bildirdi ki, açıq-aydın görünür ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir:

“Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.

Bu hadisədən 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb. Ən əsası bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb.

Əslində rəsmi Moskvanın məsələyə bu cür laqeyidliyi bəzi təxribatçı qüvvələri hərəkətə gətirdi. Və son aylarda Rusiya tərəfindən rəsmi və qeyri-rəsmi şəkildə Azərbaycana qarşı təxribatçı çıxışları görürük.

Hətta təxribatçı qüvvələr bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarına kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb.

Çox təəssüf ki, törədilən bu təxribatlarla bağlı rəsmi Moskva hər hansı bir açıqlama vermədi.

Bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulması və onun Moskvada aeroportda saxlanılaraq, deportasiya edilməsi münasibətlərin gərginləşməsində son addım oldu.

“Həm suçlu, həm güclü” kimi aparan Rusiyanın Azərbaycana yenə də “kiçik qardaş” kimi baxması təbii ki, qarşılıqsız qala bilməzdi. Son 6 ayda davam edən gərginlik artıq siyasi müstəviyə çıxdı. Və Azərbaycan bir daha öz qətiyyətini göstərdi.

Əslində Azərbaycan liderinin bu qərarı Rusiyanın siyasi elitasına çox ciddi bir mesajdır. Çünki, Azərbaycan Rusiyanın “arxa baxçası” yox, strateji tərəfdaşıdır. Bu tərəfdaşlıqsa 2024-cü ilin fevralında Moskvada rəsmiyyətə daşınıb. Ona görə də Rusiyanın siyasi elitası və millətçi qüvvələri strateji tərəfdaşla necə davranmağı gec də olsa öyrənməlidir.

Və çox təəssüf ki, kimlərisə başa salmaq, yerini göstərmək bir qədər uzun çəkir.

News365.az

Seçilən
0
news365.az

1Mənbələr