Finss.az - Çin rəsmi olaraq ABŞ-ı Çin mallarına qarşı tətbiq olunan birtərəfli tarifləri ləğv etməyə çağırıb.
Bu çağırış, dünyanın ən böyük iki iqtisadi gücü arasında keçiriləcək ilk ticarət danışıqları öncəsi gərginliyin artdığı bir vaxta təsadüf edir. Məlumatı Bloomberg yayıb.
Çin Ticarət Nazirliyinin sözçüsü Xe Yadun, cümə axşamı keçirilən mətbuat konfransında bildirib ki, ABŞ "danışıqlarda səmimi olmalı və öz birtərəfli səhvlərini düzəltməyə hazır olmalıdır". Onun bu bəyanatı ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına hazırda tətbiq olunan, bəzi kateqoriyalar üzrə 145%-ə çatan tarifləri azaltmaq niyyətində olmadığını deməsindən dərhal sonra gəlib.
Ekspertlər hesab edirlər ki, hər iki tərəf danışıqlara güclü mövqedən başlamaq üçün sərt ritorikaya üstünlük verir. Tərəflər arasında ilk görüşlər bu həftəsonu İsveçrədə keçiriləcək. ABŞ tərəfini maliyyə naziri Skott Bessint və ticarət nümayəndəsi Ceymison Qrir, Çin tərəfini isə Baş nazirin müavini Xe Lifən təmsil edəcək.
Qeyd edək ki, Tramp danışıqların baş tutacağı elan edilməzdən əvvəl Çin üçün tariflərin müəyyən mərhələdə azaldılmasına açıq olduğunu bildirmişdi. Lakin son açıqlamalar, razılaşma yolunda hələ ciddi maneələrin olduğunu göstərir.