AZ

Usman Dembele ÇL-də mütləq rekordçu oldu

Çempionlar Liqasının yarımfinalında “Arsenal”la cavab oyunu PSJ-nin fransalı cinah hücumçusu Usman Dembele üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, ilk oyun çərçivəsində “topçular”ı Londonda 1:0 hesabı ilə məğlub edə bilmiş Fransa nəhəngi, Parisdəki oyunda 2:1 hesablı qələbə sayəsində mötəbər yarışın finalına adlayıb.

Dembele cavab oyununda parislilərin qələbəsinə məhsuldar ötürmə ilə töhfəsini verib. Bu, Dembelenin cari mövsümün Çempionlar Liqasında 12-ci səmərəli fəaliyyəti olub. Ümumilikdə Dembelenin hesabında mötəbər yarışın 14 oyununda 8 qol və 4 məhsuldar ötürmə var. Müvafiq nəticə Çempionlar Liqasının bir mövsümü ərzində fransalı futbolçular arasında mütləq rekorddur.

Usman Dembele PSJ-yə 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 33 qol vurub, 13 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 88 oyun, 39 qol və 28 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Dembele Fransa Liqa 1-in cari mövsümün 21 qolla ən sərrast qolçusudur. Fransalı hücumçunun hesabında həmçinin 6 məhsuldar ötürmə var.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 55 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
2
arena.az

10Mənbələr