Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı verilib.
Modern.az-ın məlumatına görə, Heydər Əliyev Mükafatı sonuncu dəfə 2019-cu ildə Azərbaycanın tanınmış mühəndis-geoloqu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti mərhum Xoşbəxt Yusifzadə neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə verilmişdi.
Heydər Əliyev Mükafatı prezident İlham Əliyevin 2004-cü il martın 10-da verdiyi fərmanla təsis olunub. 2007-ci il sentyabrın 20-də dövlət başçısı mükafatın Əsasnaməsini təsdiqləyib.
Əsasnaməyə görə, Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.
50 000 manat məbləğində olan Mükafat mütəmadi olaraq hər il mayın 10-da - Ümummilli lider Heydər Əliyevin doğulduğu gündə dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən verilir.
Mükafat Azərbaycan vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.
Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi sonuncu dəfə 28 iyul 2023-cü il tarixində təsdiqlənib. Komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Komissiyada Baş nazir, Prezident Administrasiyasının rəhbəri, Baş nazirin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, nazirlər, yaradıcı təşkilatların sədriləri və digər şəxslər təmsil olunurlar.
Qeyd edək ki, mükafat üzərində Heydər Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və puldan ibarətdir. Döş nişanı qızıldan düzəldilir.
Heydər Əliyev mükafatı ilk dəfə 2009-cu ildə təqdim olunub. Əsasnamədə göstərilən məhdudiyyətə baxmayaraq (əsasnaməyə görə, Heydər Əliyev mükafatı hər il yalnız bir nəfərə verilə bilər) 2009-cu ildə mükafatı üç nəfər alıb: heykəltaraş, xalq rəssamı Ömər Eldarov, bəstəkar, xalq artisti Arif Məlikov, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva.
2011-ci ildə yazıçı Anar Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.
2015-ci ildə Xalq rəssamı Tahir Salahov "Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə və dünya təsviri sənət xəzinəsinə layiqli töhfələrinə görə" bu mükafatı alıb.
2017-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Xalq yazıçısı Nəriman Həsənzadəyə Heydər Əliyev Mükafatı verilib.
2019-cu ildə Azərbaycanın tanınmış mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə bu mükafata layiq görülüb.
A.Qorxmaz