Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilib.
Ölkə.Az xəbər verir ki, Heydər Əliyev Mükafatı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli Fərmanı ilə təsdiq edilib.
Heydər Əliyev Mükafatı kimlərə verilir?
Mükafatın 25 bənddən ibarət əsasnaməsində göstərilir ki, Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.
Hər il verilən əlli min manat (50.000) məbləğində olan Mükafat mütəmadi olaraq hər il mayın 10-da — Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin doğulduğu gündə dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən verilir.
Mükafat Azərbaycan vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.
Arif Babayev kimdir?
O, Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının sabiq müdiridir.
Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub.
1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1963-1966-ci illərdə Dövlət Filarmoniyasında, 1966-cı ildə Dövlət Opera və Balet Teatrında çalışıb.
O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z.Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş.Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənib və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olub.
1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.
1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.
Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları önəmli yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük ifa edib.
Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.