AZ

“Həmin vaxt iqtisadiyyatın bərpası sürətləndi”

“Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı. Ulu Öndərin siyası uzaqgörənliyi nəticəsində ictimai-siyasi həyatda stabilliyin əldə edilməsi ilə yanaşı, ölkə iqtisadiyyatının bərpası istiqamətində fəaliyyətlər sürətləndi”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasında bildirib.

“Milli Lider yenidən hakimiyyətə gələndə Azərbaycanın ümumi daxili məhsul istehsalı 375 milyon manat idi. 2002-ci ildə isə Azərbaycan iqtisadiyyatı 6,1 milyard manata qədər yüksəldi. Büdcə gəlirlərimiz 100 milyon manat idisə, hazırda gəlirlərimiz 38 milyard manatdan çoxdur. Əgər ölkə iqtisadiyyatı 1995-ci ildə 11,8 faiz kiçilmişdisə, 1996-cı ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları iki mərhələdə qruplaşdırmaq mümkündür. 1993-2003-cü illəri əhatə edən birinci mərhələdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət tənəzzülün aradan qaldırılmasına, stabilliyin və iqtisadi inkişafın formalaşmasına imkan yaratdı.

Bu mərhələdə əldə edilən uğurlar növbəti dövrdə Azərbaycanda sürətli iqtisadi inkişafın reallaşmasına baza formalaşdırdı. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə dayanıqlı və inklüziv iqtisadi inkişafın qorunub saxlanması, ölkəmizin regional və qlobal məsələlərdə mövqeyinin daha da gücləndirilməsi və müasir çağırışlara uyğun yeni iqtisadi modelin formalaşmasına nail olundu. Hazırda Azərbaycan tarixinin ən şanlı günləri və ən parlaq səhifələri yaşanır. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir.

Bütün bunlar, Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxlaq arenada böyük diplomatik nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün oldu. 27 il həsrətlə baxdığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunan bütün digər ərazilərimiz kimi Füzuli rayonu da Azərbaycan Prezidentinin rəhbərliyi altında yeni bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb. Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq”, - deyə deputat bildirib.

***

Deputat Musa Quliyev əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin apardığı sosial- iqtisadi islahatların nəticəsində ölkəmiz iqtisadi sabitlik və inkişaf dövrünə qədəm qoyub:

“Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının 30%-dən yuxarı olması artıq ənənə halını alıb. Ulu öndər böyük uzaq görənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə böyük sosial iqtisadi uğurlara imza atılıb. Qısa müddət ərzində respublikada işsizlik 5%-ə, yoxsulluq isə 5,6%-ə endirildi. Prezident İlham Əliyevin rəhbərliyi altında 2003- 2025- ci illərdə Azərbaycanda 2,2 milyon yeni iş yeri açılıb, minimum əmək haqqı 44 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı 13 dəfə artaraq 1010 manata, minimum pensiya 16 dəfə artaraq 320 manata, orta aylıq pensiya 22 dəfə artaraq 535 manata çatıb”.

“2019-cu ildən başlayaraq ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin”, - deputat bildirib.

Nuranə Daxilqızı

Seçilən
0
1
qafqazinfo.az

2Mənbələr