Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanaların birində beyninə virus düşməsi səbəbindən vəfat edib. Yaxınları bildirir ki, vəfatından bir ay əvvəl səhhətində problem yaranıb.
TƏBİB tərəfindən, Gülnarəyə Baş və onurğa beynin iltihabı diaqnozu qoyulduğu qeyd olunub.
Mərhumun beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib.
Mərhum 10-cu sinif şagirdi məktəbin nümunəvi, əlaçı şagirdlərindən biri olub. Bir neçə dəfə fənn olimpiadalarında uğur qazanıb. Hətta 2023-2024-cü tədris ilində 9-cu sinfin buraxılış imtahanlarında yüksək nəticə göstərdiyindən fərqlənmə attestatına layiq görülüb.
10-cu sinif şagirdinin beyninə hansı virus düşüb? Bu virusdan qorunmağın yolları varmı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan pediatr Günay Rəsulova bildirib ki, beyin və onurğa beyni iltihabı meningit və ensefalit adlı bir xəstəlikdir.
“Meningit zamanı beyin qişalarının iltihablanması, ensofolitdə isə beyin toxumasının iltihablanması halı baş verir. Bu xəstəliklər bəzən virus, bəzənsə bakterial mənşəlli ola bilir”.
Onun sözlərinə görə, ən çox təhlükə və risk qrupu daşıyan uşaqlar peyvənd olunmayanlardır.
"Çünki körpə yaş qrupu uşaqların peyvəndlənməsi xüsusən də ensefalitin qarşısını almış olur.
Müəyyən bir yaş qrupu uşaqlarda isə böyüdükdə dövlət təqviminə aid olmayan meningit əleyhinə olan peyvənd vurulmalıdır. Odur ki, peyvəndsiz uşaqlar risk daşıyır. Təəssüflər olsun ki, hər zaman müalicə mümkün olmur və uşaqlar tələf olurlar. Bəzən isə sağalsa belə, ömür boyu əlil qalırlar. Təhlükəli bir infeksiyadır. Bunun qarşısını almaq üçün ailələr övladlarını vaxtlı-vaxtında peyvəndləməlidir”.
Həkim vurğulayıb ki, bəzi suçiçəyi, qızılca kimi infeksion xəstəliklər ağırlaşdığı zaman ensafalit və meningit riski mövcud olur:
“Bunun da qarşısını peyvəndlə almaq mümkündür. Valideynlər çox ayıq olmalıdırlar”.
Ayşən Rəhim, Bizim.Media