AZ

Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib

Kiyev, 8 may, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Anım Günü və İkinci Dünya müharibəsində nasizm üzərində Qələbə münasibətilə ukraynalılara müraciət edib.

AZƏRTAC bu barədə Prezident Zelenskinin Kiyevin mərkəzində – Kreşatikdə lentə aldığı müraciətinə istinadla xəbər verir.

Ukrayna Prezidenti qeyd edib ki, bu gün, mayın 8-də Ukrayna və dünya Anım Gününü və nasizm üzərində Qələbəni qeyd edir, lakin bu bəla ukraynalılar üçün üç il əvvəl təkrarlanıb.

“Təəssüf ki, üç il əvvəl bu bəla yenidən baş verdi və əvvəlki kimi, Kiyev üzərində yenidən hava hücumu sirenası səsləndi, Ukrayna torpağına yenidən şər gəldi. Fevralın 24-də səhər saatlarında Kreşatik boş idi - nə maşınlar, nə də insanlar görünürdü. İndi burada həyat var, siz bunu görürsünüz. Üç il əvvəl, Müstəqillik Günündə müraciətin səsyazması prosesində burada Rusiyanın texnikası yandırılmışdı. Burada ancaq belə bir şər paradı ola bilərdi”, - deyə Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiya hər il mayın 9-da ruslarla ukraynalılar arasındakı fərqi – “Müstəqillik” meydanındakı həyatla Qırmızı meydandakı qorxu paradı arasındakı fərqi” göstərir.

Prezident əlavə edib ki, Ukrayna 80 il əvvəl onlarla xalqın nasizmə qarşı vuruşduğunu və bu mübarizədə 8 milyondan çox ukraynalının həlak olduğunu unutmayıb. İndi demək olar ki, hər bir ukraynalı ailənin yeni şərlə döyüşən və ya mübarizə aparan bir qəhrəmanı var.

Volodimir Zelenski, həmçinin “Müstəqillik” meydanında ucalan həlak olmuş hərbçilərin ehtiramla yad edildiyi abidəni göstərib. O deyib: “Bu, bilirsiniz ki, sifarişlə qoyulmuş abidə deyil. Bu, ukraynalıların ən yaxşılara ehtiramla bağlı bəşəri istəyidir. Bu, bizimlə şər arasındakı uçurumun daha bir sübutudur”.

O vurğulayıb ki, ukraynalılar sülh naminə mübarizə aparır və başa düşürlər ki, bunun baş verməsi üçün ya Rusiya kökündən dəyişməli, ya da 80 il əvvəl olduğu kimi bütün dünya başqa cür olmalıdır.

Ukraynanın dövlət başçısı əlavə edib: “Bu, nəhayət, hamıya bəlli olanda, artıq pisliyin qarşısını almaq mümkün deyil. Biz onunla mübarizə aparmalıyıq. Birlikdə. Qətiyyətlə mübarizə aparmalıyıq. Zor gücü ilə. Təzyiqlə. Döyüş meydanında, diplomatik arenada, iqtisadi məkanda, mümkün olan hər yerdə. Belə hadisələr bir daha təkrarlanmamalıdır. Yoxsa, dünya Rusiyanın denasifikasiyası və demilitarizasiyasını həyata keçirməli olacaq”.

Qeyd edək ki, 8 May tarixi Ukraynada Anım və Nasizm üzərində Qələbə Günü kimi qeyd olunur. Məhz bu gün İkinci Dünya müharibəsi illərində nasizmə qarşı vuruşanların xatirəsi ehtiramla yad edilir.

2023-cü ildən bəri bu tarix bütün dünyada olduğu kimi təsis və qeyd edilir. Ukrayna ənənəvi sovet qələbə kultundan əl çəkib. Bu günün rəmzi isə kədər əlaməti olan qırmızı lalədir.

 

Seçilən
0
azertag.az

1Mənbələr