Albaniyanın Dürres şəhərində usta ağırlıqqaldıranlar arasında Avropa çempionatı keçirilir.
İdman.biz xəbər verir ki, yarışa beş idmançı ilə yollanan Azərbaycanın veteran idmançılarından dördü fəxri kürsüyə yüksəlib.
Komandamızın heyətində Zülfüqar Süleymanovla (M40, 67 kq) Vaqif Müsadiq (M70, 81 kq) qızıl medala yiyələniblər. Böyüklər arasında Avropa çempionatının gümüş medalçısı olan Süleymanov, həmçinin ustalar arasında yeni rekord da müəyyənləşdirib. O, təkanla qaldırmada 137 kq çəkini ram etməklə əvvəlki rekordu 1 kq üstələyib.
Digər ağırlıqqaldıranlarımız Natiq Həsənov (M45, 96 kq) və Eldar Məmmədov (M45, 130 kq) isə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.
Qeyd edək ki, artıq təmsilçilərimiz çıxışlarını başa vurublar. Mayın 10-da başa çatacaq çempionatda ölkəmizi Elxan Süleymanov referi kimi təmsil edir.
Aytac Sahəd
İdman.biz