AZ

Kürdəmirdə “Muasir Konstitusiyamızın banisi və suverenliyimizin təminatçısı”  mövzusunda dəyirmi masa

Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”  çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Muasir Konstitusiyamızın banisi və suverenliyimizin təminatçısı”  mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə  əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğurunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla  yad edilib.

Tədbiri  giriş sözü ilə açan YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov çıxış edərək Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini və 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd olunacağını diqqətə çatdırıb. O bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi, ümumilikdə bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. O, çıxışında Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.

"Aşıq Əhməd küçəsi 36” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Sevinc Həsənova çıxış edərək bildirib ki, bu il müstəqil Azərbaycan Respublikasının ilk - yeni Konstitusiyasının qəbul edilməsinin 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin 5 ili tamam olur.  Bu gün artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində ərazi bötövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib. Müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan islahatlar, bərpa, yenidənqurma işləri, həyat və yaşayış üçün ən ümdə məsələ olan yeni infrastrukturun qurulması, həyata keçirilən hüquqi islahatlar və dövlət tərəfindən atılan digər bu kimi müsbət addımlar ölkənin getdikcə artan iqtisadi uğurundan xəbər verir. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı, Zəfərimizin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin insan hüquq və azadlıqlarının inkişafını diqqətdə saxlaması aparılan uğurlu siyasətin növbəti müsbət təzahürüdür.

       Çıxışçılardan “Ümummilli Lider Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi” mövzusunda YAP Kürdəmir rayon təşkilatı aparatının əməkdaşı Gülnar Məmmədova, “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşı Daşqın Rüstəmov , “Heydər Əliyev və mədəniyyət” mövzusunda Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aynurə Mehdizadə, “Xalqımızın Zəfəri - ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi” mövzusunda “Aşıq Əhməd küçəsi 36” ünvanı üzrə  ərazi partiya təşkilatının sədr müavini Valeh Feyzullayev bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gördüyü işlər, onun idarəçilik təcrübəsi, siyasi iradəsi, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini şərtləndirib. Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur. Müdrik dövlət xadimi, görkəmli siyasətçi, Ulu Öndər Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəmizi zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail oldu. Dahi şəxsiyyət Azərbaycanı bütün dünyaya humanist dövlət kimi tanıtmağı bacardı. Müstəqil Azərbaycan bütün sahələr üzrə inkişafa nail oldu. Elm, təhsil, mədəniyyət, iqtisadiyyat yenidən quruldu.  Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1996-cı il fevralın 6-da noyabrın 12-i Konstitusiya Günü elan edildi və hər il bu tarixi gün ölkəmizdə yüksək səviyyədə qeyd olunur.

Natiqlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf  yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti tarixinin qüdrətli dövrünü yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi isə tarixi torpaqlarımızın işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi, siyasi və diplomatik fəaliyyəti, rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində mümkün oldu. 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyi bütün ərazilərdə tam şəkildə bərpa edildi və Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması ilə dövlət suverenliyimiz tam bərqərar oldu.

Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən partiya üzvlərinə   YAP Kürdəmir  rayon təşkilatının Fəxri Fərmanı təqdim olunub. 

Seçilən
0
ikisahil.az

1Mənbələr