AZ

AFFA rəsmisi: Hətta UEFA da "Araz-Naxçıvan" üçün tələb qoymayıb

BAKI. 8 may. TELEQRAF

Bu gün keçiriləcək AFFA Lisenziyalaşdırma Komissiyasının iclasında 2025/2026 mövsümündə Azərbaycanın peşəkar liqalarında və avrokuboklarda iştirak hüququ qazanan klubların adları rəsmən açıqlanacaq.

Bu barədə Teleqraf-a Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, komissiya üzvləri arasındakı səsvermə nəticəsində qəbul ediləcək qərarlar ictimaiyyətə açıqlanacaq: "Premyer Liqada iştirak üçün lisenziyadan keçmək icbaridir. Ona görə də elita klublarının hamısı komissiyaya müraciət edib. Hansılarının həm də avrokuboklarda, hansılarının isə yalnız Premyer Liqada oynamaq istəyində olduğunu açıqlayacağıq. Eynilə I Liqa klublarından bəziləri Premyer Liqada oynamaq, bəziləri isə elə bu liqada qalmaq üçün müraciət edib. II Liqadan isə bir qism komanda I Liqada iştirak istəyini bildirib. Premyer Liqa və I Liqa klublarının hamısı, II Liqadan müəyyən hissəsi prosesdə iştirak edir. Komissiya üzvləri səsvermə nəticəsində qərarlar qəbul edəcəklər və biz də ictimaiyyətə açıqlayacağıq".

Məmmədov lisenziyalaşdırma prosesindəki dəyişikliklərdən də söz açıb: "Əvvəllər I Liqada yüksək yerləri tutan "Qaradağ Lökbatan" və "Neftçala" kimi klubların Premyer Liqaya buraxılmamaları bir neçə səbəblə bağlı idi. Bəzi klublar prosesdə iştirak etmirdilər, klubun vəziyyətini qiymətləndirməyimiz üçün sənəd vermirdilər. Maliyyə və infrastruktur problemləri də olurdu. Yəni, səbəblər müxtəlif idi".

AFFA rəsmisi UEFA Konfrans Liqasında debüt edəcəyi gözlənilən "Araz-Naxçıvan"ın istənilən rəqibi Bakıda qəbul etməsində heç bir problemin olmadığını bildirib: "Bəzi klublar təmsil etdikləri məkandakı stadionda oynamasalar da, hansısa stadionla müqavilə bağlayırlar. Zatən stadionların əksəriyyəti kluba məxsus deyil, icarə müqaviləsi əsasında ev oyunlarını keçirirlər. O cümlədən, "Araz-Naxçıvan" da. Bu komandanın rəqiblərini qəbul etdiyi "Liv Bona Dea Arena" UEFA standartlarına kifayət qədər cavab verir. Lisenziyalaşdırma qaydalarında şəhər tələbi yoxdur. Hətta UEFA da belə tələb qoymayıb ki, məsələn, Naxçıvanı təmsil edirsənsə, mütləq Naxçıvanda oynamalısan. Əksər klublarımız avrokubok oyunlarını Bakıda keçirirlər".

Seçilən
0
teleqraf.com

1Mənbələr