AZ

Qızlar nə üçün depressiyaya meyillidir?- TƏDQİQAT

London Kral Kollecində aparılan yeni araşdırma yeniyetmə qızlarda depressiyanın daha tez-tez rast gəlinməsinin səbəblərini bioloji aspektdən araşdırıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin gəldiyi nəticəyə görə, bu fərqin təkcə hormonal dəyişikliklər və ya emosional reaksiya fərqləri ilə deyil, beyindəki xüsusi bir kimyəvi sistemlə kinurenin yolu adlanan biokimyəvi proseslə də əlaqəsi ola bilər.


Tədqiqat göstərib ki, kinurenin yolu sinir sistemində triptofan adlı amin turşusunun parçalanmasına cavabdehdir və bu proses nəticəsində həm qoruyucu, həm də zərərli maddələr əmələ gəlir. Depressiyaya meyilli yeniyetmə qızlarda bu yolun daha çox zərərli və daha az qoruyucu maddələr istehsal etdiyi müşahidə olunub.
Üç il boyunca izlənən yeniyetmə qızların qan analizlərində, depressiyası davam edənlərdə sinir hüceyrələrinə zərər verə biləcək kimyəvi birləşmələrin səviyyəsinin daha yüksək olduğu aşkarlanıb. Mütəxəssislər bu balanssızlığın depressiyanın xroniki hal almasına səbəb ola biləcəyini bildirirlər.


Tədqiqat həmçinin vurğulayır ki, bu kimyəvi dəyişikliklər yalnız genetik və ya hormonal deyil, eyni zamanda iltihab, stress, yuxusuzluq, pis qidalanma və emosional gərginlik kimi faktorlarla da bağlı ola bilər. Sosial amillər də bu bioloji mexanizmlə birgə depressiya riskini artırır. Yeniyetməlik dövründə qızlara yönəlik gözləntilər yaxşı görünmək, emosiyalarını nəzarətdə saxlamaq, uyğunlaşmaq və sosial mediada artan təzyiqlərlə birləşərək emosional yükü daha da artırır. London Kral Kollecinin baş tədqiqatçılarından biri Dr. Richard Mann qeyd edib ki, bu nəticələr depressiyaya meyilli gənc qızları daha erkən müəyyən etməyə və vaxtında dəstək göstərməyə imkan yarada bilər:


“Bu kimyəvi markerlərin ölçülməsi və bəzi yeniyetmə qızlarda davamlı depressiya riskini anlamağa kömək edə bilər”.

 

Araşdırma depressiyanı yalnız emosional və ya hormonal dəyişikliklərlə izah etməkdən uzaqlaşdıraraq, sosial və bioloji faktorların birgə təsirini vurğulayan daha kompleks bir yanaşma təklif edir. Mütəxəssislər hesab edirlər ki, gənc qızlara həm ailədə, həm də təhsil sistemində emosiyalarını sərbəst ifadə edə biləcəkləri və psixoloji dəstək ala biləcəkləri mühitlər yaratmaq vacibdir.

 

Depressiya əlamətləri göstərən yeniyetmələrin qiymətləndirilməsində təkcə psixoloji deyil, fiziki sağlamlıq faktorlarının da nəzərə alınması erkən müdaxilə imkanlarını artırır.

 

Fidan Hacızadə
Sfera.az

 

Seçilən
0
1
sfera.az

2Mənbələr