Bakı, 8 may, AZƏRTAC
Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Fransanın ölkə üzərindəki müstəmləkə idarəçiliyi ilə bağlı milli yaddaş faylını “unutmağa və ya inkar etməyə” imkan verilməyəcəyini bildirib.
AZƏRTAC Əlcəzair mediasına istinadla xəbər verir ki, Əbdülməcid Tebbun bu fikirləri 1945-ci il 8 may tarixində - İkinci Dünya müharibəsi zamanı əlcəzairlilərin Parisdən müstəqillik vədini yerinə yetirməsini tələb edərkən fransız hərbçilərin 45 minə yaxın dinc nümayişçini qətlə yetirməsinin 80-ci ildönümü münasibətilə xalqa müraciətində səsləndirilib.
Əlcəzair Prezidenti deyib: “8 May nümayişi Əlcəzair xalqının azadlıq, ləyaqət və qürur hisslərinin təzahürü idi. Müasir tarixin ən dəhşətli soyqırımı aktları və bəşəriyyətə qarşı ağır cinayətlərindən biri ilə üzləşmiş ölkənin suverenlik uğrunda 45 mindən çox şəhid verməsi qəhrəmanlıq nümunəsidir.
Əbdülməcid Tebbun, həmçinin Parislə uzun müddətdir davam edən və gərginlik mənbəyi olan arxivlərlə bağlı Əlcəzairin qəti mövqeyini yeniləyib: “Müstəmləkəçiliyin yaddaş faylı unutqanlığa və ya inkarlara məruz qalmayacaq”.
Dövlət başçısı vurğulayıb ki, bu sənəddən əl çəkməmək Fransa müstəmləkəçiliyi tərəfindən Əlcəzairdə, xüsusən də ölkənin şərqində - Setif, Xerrata və Quelma, habelə qərbdə - Ain Temuçentdə və on minlərlə mülki vətəndaşın əksəriyyətinin öldürüldüyü digər ərazilərdə törədilən qırğınların qurbanlarına sadiqlikdən irəli gəlir.
O, xalqının müstəmləkəçilik dövründə göstərdiyi fədakarlıqları ölkənin milli suverenliyi və müstəqil qərar qəbulunu qoruyan davamlı inkişaf modeli qurmaq istəyi ilə əlaqələndirib.
Prezident Tebbun, həmçinin Əlcəzairin iqtisadiyyatını ölkənin böyük potensialından istifadə edərək və xalqının rifahını yaxşılaşdıraraq yeni bir yola çıxarmaq strategiyasını həyata keçirmək niyyətini təkrarlayıb.
Tarixi mənbələr göstərir ki, 1945-ci il 8 may qırğınları 40 gündən çox davam edib və bu dəhşətli hadisələr zamanı müstəmləkəçi qüvvələr amansız üsullardan, o cümlədən kütləvi edamlardan və dinc əhalinin “əhəng sobalarında” diri-diri yandırılmasından istifadə ediblər.
Builki anım mərasimi yaddaş və müstəmləkə tarixi ilə bağlı davam edən mübahisələr şəraitində Əlcəzair-Fransa münasibətlərində səfirlərin qarşılıqlı geri çağırılması və diplomatların qovulması səviyyəsinə çatan gərginliyin artması fonunda keçirilir.