AZ

65 yaşına çatan həkimlərin pensiyaya göndərilməsi yenidən GÜNDƏMDƏ – Bu meyarlar əsas götürüləcək

Məlum olduğu kimi, Azərbaycanda tibb işçiləri 65 yaşına çatanda əmək müqavilələri avtomatik olaraq ləğv edilir.  Lakin bu məsələ son günlər ciddi müzakirə olunur. Deputat Jalə Əliyeva təklif edir ki, bu yaşa çatmış tibb işçiləri ilə müqavilələr uzadılmalı və onların təcrübəsindən daha uzun müddət faydalanılmalıdır. Belə bir təklifin reallaşması üçün müəyyən şərtlər və meyarlar olmalıdır.

Bəs əmək müqavilələrinin uzadılması, səhiyyə sisteminə hansı üstünlükləri gətirə bilər və bunun üçün hansı əsas meyarlar nəzərə alınmalıdır?

Mövzu ilə bağlı professor, tibb elmləri doktoru Adil Qeybulla Bizim.Media-ya danışıb.

O bildirib ki, tibb işçisinin sağlamlıq vəziyyəti, iş yükü və işə olan yanaşması əsas götürülə bilər:

“Məsələn, tibb işçisinin fiziki və zehni vəziyyəti nəzərə alınaraq, yalnız yüksək iş qabiliyyətinə malik olanların müqavilələrinin uzadılması daha məqsədəuyğun ola bilər. Ümumiyyətlə 65 yaşına çatan həkimlərin pensiyaya göndərilməsi  qərarı mahiyyət etibarilə yanlışdır. Çünki həkimlik elə bir sənətdir ki, o yaşda həkimlər artıq müəyyən yetərli peşə təcrübəsinə malik olurlar.  Həkim əgər əmək qabiliyyətini saxlayıbsa, fiziki aktivliyi yerindədirsə, o niyə əmək fəaliyyətindən azad olunmalıdır? Əgər o, bu sənəti davam etdirmək istəyirsə, niyə görə buna şərait yaradılmamalıdır? Axı bu insan bu sağlamlığa xidmət edir.

Professorun fikrincə, burada könüllülük prinsipi olmalıdır.

“Kim istəsə 65 yaşda pensiyaya çıxa bilər, kim də istəməsə, həkimliyi davam etdirər.  Lakin əgər hər hansı müəssisədə belə bir zərurət yaranıbsa, o zaman həkimlərin başqa yerlərdə işlə təmin olunmasına baxılmalıdır. İnsanların kütləvi şəkildə əmək fəaliyyətinə xitam verilməsi düzgün deyil. Ümumi işə ziyandır. Bu, tək həkimlərə deyil, müəllimlərə, başqa sənət sahiblərinə də aiddir. Bununla bağlı Həmkarlar İttifaqları, Həmkarlar Komitəsi toplaşıb qərar verməlidir”.

Onun sözlərinə görə, təklif, həm də səhiyyə sahəsindəki kadr çatışmazlığını qismən aradan qaldıra bilər.

Ayşən Rəhim, Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr