Gəncə, 8 may, Vüsalə Cənnərova, AZƏRTAC
Gəncə şəhərində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binası açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət edilib, Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Sonra Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binası açılıb. Bina Vəkillər Kollegiyasının maddi vəsaiti hesabına tam təmir edilib və müasir avadanlıqlarla təmin olunub.
Açılış mərasimində vurğulanıb ki, Gəncə şəhərində fəaliyyət göstərən vəkillərin sayı 70-ə, vəkil bürolarının sayı isə 3-ə çatıb. Yeni binanın vəkillərin keyfiyyətli fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub. Binada 21 iş otağı, konfrans zalı var, burada yüksək səviyyədə iş şəraiti üçün mühüm məqamlar nəzərə alınıb. Vəkillərin peşəkarlıq səviyyəsinin artırılması üçün görülən tədbirlərdən də söz açılıb.
Yeni inzibati binanın açılışı çərçivəsində "Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev" mövzusunda elmi-praktik konfrans da keçiriləcək.