AZ

ABŞ iqtisadiyyatı staqflyasiya ilə üzləşə bilər

Bakı, 8 may, AZƏRTAC

Prezident Donald Trampın tarif planının tətbiqindən sonra işsizliyin və inflyasiyanın artması ehtimalı yüksəldiyi üçün ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini dəyişməz saxlayıb. Eyni zamanda, iqtisadi durumun pisləşəcəyi və staqflyasiya (işsizlik və inflyasiyanın eyni anda baş verməsi) olacağı ilə bağlı hökumətə xəbərdarlıq edilib. AZƏRTAC xəbər verir ki, bu barədə “NBC News” telekanalının reportajında bildirilib.

Birləşmiş Ştatlarda federal vəsait dərəcəsi 4,25-4,5 faizlik hədəf səviyyəsində saxlanılıb. FED son qiymətləndirməsində tariflərə istinad etməyib, lakin qeyri-sabit ticarət fəaliyyətinin siyasi qərarları vermək üçün istinad etdiyi iqtisadi məlumatlara təsir etdiyini bildirib.

Hesabatda deyilir ki, son aylar iqtisadi fəallıq artsa və əmək bazarı şərtləri “sabit” qalsa da, inflyasiya bir qədər yüksəlib, işsizlik və qiymətlərin qalxması riskləri çoxalıb.

FED sədri Cerome Pauel tariflərin nə qədər yüksək olacağına və nə qədər davam edəcəyinə bağlı olaraq onların səbəb olduğu inflyasiyanın qısamüddətli və ya uzunmüddətli ola biləcəyini bildirib.

“Inflation Insights konsaltinq” şirkətinin prezidenti Omar Şarif qeyd edib ki, FED-in hazırda staqflyasiya mühiti risklərinin olduğunu olduqca aydın şəkildə dilə gətirməsi aprel ayında keçirilən son iclasdan sonra qeyri-müəyyənliyin daha da artdığını göstərir.

İnvestorlar hesab edirlər ki, FED faiz dərəcələrini iyun ayında keçiriləcək növbəti iclasa qədər saxlayacaq, 2025-ci ildə ilk endirimin isə iyulda olacağı gözlənilir.

Daha əvvəl bildirilmişdi ki, FED ölkədə inflyasiyanın artması səbəbindən cari faiz dərəcəsini yanvar ayından etibarən sabit saxlayıb.

 

 

Seçilən
0
azertag.az

1Mənbələr