Fransa prezidenti Emmanuel Makron mayın 7-də Parisdə Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraanı qəbul edərkən onu istisnasız olaraq bütün suriyalıların müdafiəsini təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb .
Mətbuat konfransında Makron bəyan edib ki, bu müdafiə suriyalılara “mənşəyindən, dinindən, məzhəbindən və baxışlarından asılı olmayaraq” təmin edilməlidir.
Fransa prezidenti Suriya liderini son vaxtlar druzlara qarşı məzhəblərarası zorakılıqlara və mart ayında Ələvi azlığının üzvlərinə qarşı repressiyalara görə məsuliyyət daşıyanların “məsuliyyətə cəlb edilməsini və qınanmasını” təmin etməyə çağırıb. Makron Avropa İttifaqının bu cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etməsinin vacibliyini də açıqlayıb.
Eyni zamanda, Fransa prezidenti hazırkı hökumətin ölkədə vəziyyəti sabitləşdirəcəyi təqdirdə Suriyaya qarşı tətbiq edilən “Avropa iqtisadi sanksiyalarının tədricən ləğvinin” davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.