Vüqar Həsənov, araşdırmaçı-jurnalist

 

İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin bu il 80-ci ili tamam olur.  Böyük qanlar və itkilər hesabına qazanılan bu şanlı qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu var. Xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola saldı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək əsl qəhrəmanlıq nümayiş etdiriblər. 170 mindən çox azərbaycanlı orden və medallarla təltif edilib, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb.

 

Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.  Ümumilikdə, 1941–1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil etmişdi ki, onun da 75 milyon tonu Azərbaycanın payına düşmüşdü. Bakı SSRİ-yə həm də 22 milyon ton benzin vermişdi.

 

SSRİ ilə faşist Almaniyası arasındakı müharibə zamanı hərbi texnika o qədər geniş istifadə edilirdi ki, döyüşlərin nəticəsi çox vaxt tankların, təyyarələrin və döyüş gəmilərinin gücündən asılı olurdu. Ancaq yanacaqsız mühərriklər sadəcə yararsız metal yığını idi. Yanacağın xammalı isə neft idi…. 8 fevral 1942-ci ildə “Pravda” qəzeti yazırdı: “ Mühərriklərin özləri cansız poladdır. Düşməni vurmaq üçün onlara benzin lazımdır. Benzin təyyarələrin, tankların, avtomobillərin qanıdır…”.

 

1941

 

Müharibə ərəfəsində Almaniyada neft hasilatı sadəcə olaraq acınacaqlı görünürdü. Alman şirkətləri ildə cəmi 0,55 milyon ton neft hasil edirdi. Almaniya ən çox nefti Amerikadan idxal edirdi. Ancaq İkinci Dünya Müharibəsi  başladıqdan sonra bu təchizat da faktiki olaraq dayandı. 1940-cı ilin may ayından etibarən Almaniyaya neft Berlinin müttəfiqi Rumıniya gəlirdi, lakin bu, kifayət deyildi. Bundan başqa, 1939-cu ilin avqustunda Almaniya ilə SSRİ arasında imzalanan Molotov-Ribbentrov paktına əsasən Sovetlər Almaniyanın yanacağa olan təlabatını ödəyirdi. 1940-cı ildə 626 min (təxminən bütün Almaniya idxalının 1/3-i), 1941-ci ilin əvvəlində isə 258 min ton neft idxal edilir. Müqavilənin qüvvədə olduğu 18 aylıq müddətdə Almaniya Sovetlərdən ümumilikdə 911 min ton neft alır. SSRİ ilə 1939–cu il imzalan iqtisadi razılaşma Almaniyaya gələcək müharibəyə hazırlaşmaq üçün lazımı materiallar, xüsusilə neft, dəmir və s. əldə etməyə imkan verirdi. Bütün bunlar Hitleri əmin edirdi ki, onun ehtiyat yanacağı qurtarana qədər sovetlərin əsas neft mədənlərini ələ keçirəcək… Reyxin Silah və Müharibə İstehsalı naziri Albert Speer daha sonra etiraf etdi ki, “Biz neftə görə Rusiyaya hücum etdik “.

 

Hitler SSRİ üzərində qələbəyə o qədər əmin idi ki, hətta 1941-ci ildə “Qafqaz neft idarəsi”nin yaradılması haqqında əmr də vermişdi. Bu idarənin əsas məqsədi dağıdılmış quyuların və emal zavodlarının bərpası idi ki, mədənlər tezliklə fəaliyyət göstərə bilsinlər. 1942–ci ilin əvvəllərində idarə “Qafqaz neft briqadası” adlanmağa başlanır. Bu yarım hərbi birlik 10 794 şəxsi heyət, 1 142 maşın, 6 təyyarə və s. texniki avadanlıqlara malik idi. Briqada ordunun arxasınca dərhal Qafqaz neft mədənlərinə daxil olmaq vəziyyətinə gətirilmişdi…

 

SSRİ-dən Bakıdan başqa, Kuban, Şimali Qafqaz, Volqa-Ural bölgəsi və Saxalin kimi neft hasil edən rayonlar olsa da, müharibənin başladığı ilk vaxtlar buradakı yataqların çoxu təhlükə altına düşdü. Bu səbəbdən bütün nəzər diqqət Bakı neftinə yönəldi.

 

Düzdür, hələ Böyük Vətən Müharibəsindən əvvəl SSRİ-nin əsas neft bazası olan Azərbaycanın neft sənayesinin inkişafını təmin etmək məqsədilə Ümumittifaq Kommunist Partiyası  Mərkəzi Komitəsi və SSRİ Xalq Komissarları Soveti 1940-cı il yanvarın 24-də “Azərbaycan SSR-də neft hasilatını və emalını gücləndirmək tədbirləri haqqında” xüsusi qərar qəbul etmişdilər. Bu, 1940-1941-ci illərdə neft və qaz hasilatında və emalında kəskin yüksəlişə nail olmaq üçün müəyyən şərait yaratmışdı…. Həmin vaxtlar Buzovna, Maştağa, Siyəzən monoklinalı, Qaradağ, Şuraabad, Zığ kimi neft-qaz yataqları işlənməyə cəlb olunmuşdu. Hasilat 1939-cu ildə 21 milyon 547 min ton idisə, 1940-cı ildə artıq 22 milyon 175 milyona çatmışdı. Bu da SSRİ üzrə neft hasilatının 75%-ni təşkil edirdi. Ancaq müharibə illərində yanacağa olan tələbatın artdığı bir zamanda daha çox neft lazım gəlirdi.

 

Müharibənin elə ilk günlərində çoxlu sayda ixtisaslı neftçinin cəbhəyə yola salınması neft quyularının istismari, təmiri, xidmət prosesinə çətinliklər yaratdı. 1941-ci ilin sonunda təkcə Leninneft tresti (indiki Balaxanıoyl) müəssisələrindən şəxsi heyətin 45%-i, o cümlədən 22 rəhbər işçisi cəbhəyə getmişdi. Respublikanın neft sənayesində çalışan qadınların sayı ildən-ilə artırdı. 1943-cü il oktyabrın 1-ə olan məlumata görə, qadınlar ümumi işçilərin 55%-ni təşkil edirdi.

 

 

1941 -ci ildə Hövsan yatağında o dövr üçün SSRİ-nin ən dərin quyusunun (3200-3400 metr)  qazılmasına başlanır. Həmin il, 1941-ci ildə Bibiheybət yatağında Bayıl dağının ətəyində usta Ağa-Nemətullanın briqadası tərəfindən qazılan maili quyunun dərinliyi 2000 metr idi və o, dünyada maili üsulla bu dərinliyə qazılmış ilk quyu olur. Sonralar Ağa-Nemətullanın bu təcrübəsı Xəzərdə yeni neft yataqlarının açılmasında və SSRİ-nin dıgər neft rayonlarında axtarış-kəşfiyyat işlərinin aparılmasında geniş tətbiq olunur.

 

Müharibənin ilk illərində neft əsasən, Balaxanı, Sabunçu- Ramana, Qaraçuxur, Binəqədi, Bibiheybət kimi köhnə yataqlarda, əvvəllər fəaliyyət göstərməyən quyulardan geoloji-texniki tədbirlər aparıldıqdan sonra əldə edilirdi..

 

Neftçilərimizin 1941-ci ilə aid illik planın vaxtından əvvəl yerinə yetirilməsi barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Xalq Komissarları Sovetinin verdiyi 1941-ci il 21 dekabr tarixli raportda deyilirdi: “Öz işini hərbi dövrün tələblərinə uyğun yenidən quran Sovet Azərbaycanının neftçiləri dekabr ayının 19-da neft və qaz hasilatı üzrə illik planı vaxtından qabaq yerinə yetirmişlər”.   

 

Müharibənin birinci ilində mümkünsüz görünən bir nəticə əldə olundu. 1941-ci ilin yekunlarına görə, Sovet İttifaqı 33 milyon ton neft hasil etdi. Artım 6 faiz oldu. Ölkənin baş neft rayonu – Bakı şəhəri rekord göstərici ilə istehsalı 23,5 milyon tona çatdırdı.

 

Azərbaycan neftçilərinin əmək qəhrəmanlığı yüksək qiymətləndirilir. 1942-ci ilin fevralında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Azərbaycan neft sənayesinin 500 işçisi SSRİ-nin orden və medalları ilə təltif edilir, onlardan 41 nəfəri Vətənin ali mükafatı olan Lenin ordeninə layiq görülür.

 

Almanların Bakı neftini hədəfə almaları başadüşülən idi. Almaniya admiralı Fridrix Vilhelm Kanaris bilirmişdi ki, SSRİ-nin xammal ehtiyatlarını, ilk növbədə, Bakı neftini tez bir zaman ərzində  ələ keçirmədən qələbə mümkün deyil. 1941-ci il iyul ayının 16-da Hitlerin qərargahında keçirilən müşavirədə qeyd olunmuşdu ki, “Bakı vilayəti… alman konsessiyası olmalıdır”.

 

1941-ci ilin dekabrında Moskva döyüşündə darmadağın edilərək geri atılan almanlar məğlubiyyətdən nəticə çıxarır. Almaniya 1942-ci ildə əsas diqqətini Qafqaza, xüsusilə də Bakının zəngin neft yataqlarını ələ keçirməyə yönəldir. 1942-ci ilin iyunundan başlanan hərbi əməliyyat növbəti aylarda daha təhlükəli xarakter alır. General Kleystin başçılığı ilə almanlar 1942-ci ilin sentyabrın 6-da Qroznı- Mahaçqala- Bakı istiqamətindən hücuma keçirlər. Plana əsasən sentyabrın 25-də Bakı tutulmalı idi. Hitler deyirdi ki, Bakı tutulsa Sovet tank və təyyarələri “dəmir oyuncağa” dönəcəklər.