AZ

“Global Media Group”a kiberhücumlar və informasiya savaşının görünməyən cəbhəsi

Azərbaycanda aparıcı media orqanlarından biri olan “Global Media Group”a qarşı həyata keçirilmiş kiberhücumlar cəmiyyətin informasiya təhlükəsizliyi baxımından ciddi narahatlıq doğuran hadisə kimi qiymətləndirilməlidir. Hədəfə alınan yalnız bir media qurumu deyil – bu hücumlar medianın müstəqilliyi, azad sözün mövcudluğu və ictimai rəyə təsir imkanları üzərində qurulmuş sistemli təzyiq aktı kimi dəyərləndirilməlidir.

Kiberhücumlar artıq təkcə texnoloji deyil, siyasi və geosiyasi xarakter daşıyan silahlara çevrilib. Media orqanlarına edilən belə hücumlar, əslində, dövlətin informasiya suverenliyini sarsıtmaq və ictimai rəyin manipulyasiyasını asanlaşdırmaq məqsədi güdür. Məsələ təkcə bir saytın fəaliyyətinin iflic edilməsi və ya kontentin silinməsi ilə bitmir – bu, həm də mesajdır: “Sizi izləyirik, susun!”

“Global Media Group”un hədəfə alınması təsadüfi deyil. Bu media qurumu son illərdə yalnız yerli deyil, beynəlxalq informasiya platformalarında da etibarlı tərəfdaş kimi tanınıb. Təkcə xəbərləri təqdim etməklə kifayətlənməyib, eyni zamanda informasiya müharibəsi dövründə milli maraqları müdafiə edən media platformasına çevrilib. Belə bir mövqenin güclənməsi isə müəyyən dairələr üçün arzuolunmaz ola bilərdi.

Hücumların texniki xüsusiyyətləri və zamanlaması bu təzyiqin planlı və peşəkar şəkildə həyata keçirildiyini göstərir. Onlar həmçinin bir çox hallarda regionda və dünyada baş verən müəyyən proseslərlə paralel şəkildə baş verir. Məhz belə vəziyyətlərdə “kiberhücum” təkcə bir hadisə deyil, bir mesaj daşıyır: informasiya axınlarını nəzarətə almaq istəyənlər müstəqil və güclü media institutlarını susdurmağa çalışırlar.

Bu hadisənin ən narahatedici tərəfi isə odur ki, məsələ yalnız “Global Media Group”a yönəlməyib. Bu, bütün müstəqil media qurumlarına, informasiya azadlığına və jurnalist peşəkarlığına qarşı ünvanlanmış təzyiq nümunəsidir. Yəni bu gün “Global Media Group”a yönələn hücum sabah başqa bir media orqanının, bir jurnalistin və ya bütöv bir ictimai institutun hədəfə çevriləcəyini istisna etmir.

Bütün bu proseslərin fonunda vacib olan məsələ yalnız texniki cavab tədbirləri deyil. Hücumlara qarşı informasiya cəbhəsi formalaşdırılmalı, ictimai dəstək və media həmrəyliyi gücləndirilməlidir. Eyni zamanda, dövlət qurumlarının operativ şəkildə araşdırmalara başlaması və bu cinayətlərin izinə düşməsi də vacibdir. Kiberhücumlar artıq milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir.

Məsələnin başqa bir tərəfi isə beynəlxalq mediada və Qərb institutlarında bu cür hücumların daha geniş şəkildə pislənməsidir. Əgər bu hadisə Avropada və ya ABŞ-da baş versəydi, məsələyə dərhal siyasi qiymət verilərdi. Azərbaycanda baş verəndə isə məsələ ya görməzlikdən gəlir, ya da ikili standartların qurbanına çevrilir. Bu, beynəlxalq ictimaiyyətin informasiya ədaləti mövzusunda ciddi dilemmasıdır.

Yekun olaraq bir daha vurğulamaq lazımdır: “Global Media Group”a qarşı həyata keçirilmiş kiberhücumlar sadəcə bir qurumun deyil, Azərbaycanın informasiya məkanının toxunulmazlığına yönəlib. Bu, ifadə azadlığına və milli informasiya təhlükəsizliyinə qarşı atılmış açıq hücumdur. Belə hallarda həm peşəkar media ictimaiyyəti, həm də dövlət strukturları güclü koordinasiyalı reaksiya göstərməli, cinayətkarların kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməsinə nail olunmalıdır.

Oğuz ARİF

Seçilən
0
xalqqazeti.az

1Mənbələr