1941-ci ildə Azərbaycanın əhalisi 3,3 milyon idi. 600 min nəfər cəbhəyə göndərilmişdi. Onların yarısı müharibədə həlak olmuşdu. Yəni, 300 min azərbaycanlı...
Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…
Alman faşizmi üzərində şanlı qələbədən 80 il keçir... Cəbhədən 300 min adam sağ qayıtmışdı. Qayıdanların indi cəmi 21-i sağdır.
Berlinə sarı gedib, ölümün qənşərindən qayıdan o uşaqlardan biri də Ağababa İsgəndərov idi. Onunla “Sahil” bağında söhbətləşirik. Gələn il 100 yaşı olacaq, dillə demək asandır, 100 yaşı. Ancaq yaddaşı elə diridir ki... Komandirinin atasının adını da xatırlayır, Berlin xəstəxanasında onu müalicə edən həkimin soyadını da... Hətta Berlində yatdığı qospitalın yerləşdiyi küçənin adını da unutmayıb.
“Mən, Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşam. 1926-cı ildə... Məndən böyüklər cəbhəyə göndərildi. 1923-cü ildə anadan olanlar, 1924-də, 1925-də... Dörd qardaşım cəbhəyə getmişdi. Dilqəm, Şuxu, Heydər, Müzəffər... Hamısı müharibədən yaralı qayıtdı, Şuxu isə cəbhədən qayıdan kimi dünyadan köçdü. Ailənin sonbeşiyi mən idim. Axırda növbə bizə çatdı, 1926-cı ildə doğulanlara. Kəndimizdə başıpapaqlı qalmamışdı. Vəziyyət elə ağır idi ki, qadınlar yer şumlayır, taxıl əkirdilər. Kəndimizdə elə bir ailə tapmazdın ki, cəbhəyə əsgər göndərməsin”.
1942-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmri ilə Ucarda 416-cı diviziya yaradıldı. Şimali Qafqazda döyüş yoluna başlayan diviziya, Ukraynada, Belorusiyada, Moldova, Polşada parlaq qələbələr qazanaraq Almaniyaya daxil olmuş, Berlindəki qələbə paradında iştirak etmişdi. Diviziyanın 308 topu vardı, toplarının birinin arxasında 18 yaşlı basarkeçərli traktorçu Ağababa dayanırdı. Diviziyanın şəxsi heyətinin 92 faizi azərbaycanlı idi.
“Məni Qoriya göndərdilər. Traktor kursuna getdiyimə görə məni artilleriya bölməsinə verdilər. Üç aylıq kursdan sonra cəbhəyə göndərdilər. 1944-cü ilin əvvəllərindən... 416-cı Taqanroq diviziyasının əsgəri olmuşam. Top atırdım, atıcı idim... Bir dəfə Polşada ağır döyüşə girdik. Taxta körpü vardı, oranı keçirdi əsgərlər. Qəfildən almanlar hücum etdi. Güllələr hər yandan üstümüzə tökülürdü, bir tərəfdən də aramsız top atəşləri... Körpü mərmilərə davam gətirə bilməyib dağıldı, əsgərlər çaya düşdü, nə qədəri orda öldü. Ancaq mən və cəbhə yoldaşım olan topçular almanların cavabını layiqincə verdik. Atəş nöqtələrinu susdurduq. Almanlar geri çəkildi. Buna görə mükafat da aldıq. Qəzetdə haqqımızda məqalə getdi”.
“Dolanışıq çox çətin idi. Ərzaqımız tükənirdi. Yeməyə heç nə tapa bilmirdik. Az qalırdıq acından torpaq gəmirək. Çiy qarğıdalı yeyirdik. Kazaklar vardı, onlar kartof qabığı yeyirdi. Aclıq idi... Ancaq buna baxmayaraq qələbə əzmimiz sarsılmırdı, azalmırdı”.
416-cı diviziya 1943-cü ilin avqustunda on üç günlük döyüşlərdən sonra Azov dənizinin (Bu dəniz Kerç boğazı ilə Qara dənizə birləşir) sahilində yerləşən Taqanroq şəhərinin azad edilməsində xüsusi rəşadət və qəhrəmanlıq göstərdiyi üçün “416-cı Taqanroq diviziyası” adlandırılır. Müharibənin gedişatında bu diviziya Ukraynanın azad edilməsində mühüm xidmət göstərir, Visla-Berlin xətti ilə irəliləyir və Berlinə daxil olur. Ucardan başlanan yol Berlində başa çatır.
Ancaq Almaniya asanlıqla təslim olmurdu. Hitler 1945-ci ilin 30 aprelində intihar etdi. 1 mayda bu xəbər elan edildi. Ancaq alman ordusu Berlini ev-ev, küçə-küçə qoruyurdu. Bu döyüşlərdə Sovet ordusu 81 mindən artıq əsgər və zabitini itirmiş, 200 mindən çoxu isə yaralanmışdı. Yaralananlardan biri də Ağababa İsgəndərov idi.
“Berlində düşmən bizə göz açmağa imkan vermirdi. Ümumiyyətlə, Berlin döyüşləri müharibənin ən amansız döyüşləri idi. Tüstüdən, dumandan göz-gözü görmürdü. Göydən ət parçaları yağırdı. Bizə snayperlərlə atəş açırdılar. Əmr verildi ki, yeraltı keçidə daxil olaq. Ancaq faşistlər da elə bil, bunu gözləyirdi. Keçidə su buraxdılar. Nə qədər əsgər yoldaşımız orda həlak oldu. Ancaq biz də çox yaxşı döyüşürdük. 7 alman zabitini tərk-silah elədik. 2 mayda ağır yaralandım. Necə yaralanmağım yadıma da gəlmir. Gözümü açanda xəstəxanada idim. Qolumdan və ayağımdan yaralanmışdım”.
Ağababa kişiyə kiçik bir hədiyyə də gətirmişəm. İkinci Dünya müharibəsindən bəhs edən bir fotoalbom-kitab. Hədiyyəni sevinclə qəbul edir, kitabı birlikdə vərəqləyirəm, Sovet ordusunun Berlinə girməsini əks etdirən fotonu göstərirəm.
-Bax, burda Berlinə girmisiz...
Ağababa kişi sanki əliylə şəkli oxşayır, ya da reflektiv bir hərəkət edir, mənə elə gəlir. Ancaq şəklə sevgiylə baxır, həsrətlə baxır və fərəhlə baxır. Mən də şəklə baxıram, onun gördüklərini görə bilməsəm də... Onun gözlərində qanlı bir tarix, qiymətli dostlar, keçmiş günlər canlanır.
Sonrakı səhifədə isə yanaşı oturan üç nasist generalın fotosu var. Ağababa kişi əlini şəkildən tez çəkir, elə bil şəkildən iyrənir.
-Bunlar da sizin düşmənlərinizdir, Hitlerin generalları...
-Hə, düşmənlərdi, düşmənlərdi...