AZ

Dəmir yollarımız – dünyaya uzanan dəmir qollarımız

“Moody’s” “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) uzunmüddətli korporativ ailə reytinqini B1-dən Ba3 səviyyəsinə yüksəldib. Bu barədə XQ-yə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, qurumun 2024-cü ili əhatə edən fəaliyyəti dövrü ərzində sərnişindaşıma, təhlükəsizlik və dayanıqlı inkişaf istiqamətlərindəki müsbət dəyişikliklər “Moody’s” agentliyi tərəfindən kredit reytinqinin verilməsində əsas təsiredici amillər kimi rol oynayıb. “Moody’s”in hesabatında ADY-nin gəlirlərinin illər üzrə sabit artımı, maliyyə və iqtisadi göstəricilərinin yaxşılaşması, yükdaşıma həcmlərinin artması, xüsusilə tranzit rejimində yükdaşımaların artırılması istiqamətində ölkə və dəmiryol hədəflərinin olması göstərilib. Bundan əlavə, ADY-nin ölkənin sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyəti vurğulanıb, qurumun gəlirlərinin artması fonunda maliyyə əmsallarının 2024–2025-ci illər üzrə bir neçə dəfə yaxşılaşması qeyd olunub.

Reytinqin yüksəldilməsinin digər əsas səbəbləri kimi ADY-nin borcunun əhəmiyyətli dərəcədə azalması, kredit göstəriciləri və kredit profilinin yaxşılaşması ilə əlaqədar maliyyə göstəricilərindəki müsbət tendensiya, eləcə də şirkətin davamlı inkişafı üçün əsaslı təməl yaradılması göstərilib. Rəqabət qabiliyyətinin yaxşılaşdırılması və potensial inkişafa nail olmaq üçün ADY-nin ciddi islahatlar aparması, investisiya proqramlarının icrası nəticəsində həm infrastrukturun, həm də hərəkət tərkibinin yenilənməsi prosesinin həyata keçirilməsi, Bakı – Tbilisi – Qars dəmiryol xəttinin modernləşdirilməsi layihəsinin yekunlaşması və yük buraxıcılıq qabiliyyətinin il ərzində 1 milyon tondan 5 milyon tona çatdırılması hesabatda qeyd olunan əsas məqamlardandır.

Hesabatda maliyyə və likvidlik göstəricilərinin yaxşılaşmasının ADY-nin yeni investisiya layihələri hesabına gələcəkdə gəlirlərinin daha da artırılmasına və davamlı inkişafın təmin edilməsinə yeni imkanlar yaradacağı qeyd edilir. Likvidlik göstəricilərinin yaxşılaşması ADY-nin maliyyə öhdəliklərinin icrası zamanı hər hansı çətinliyinin olmayacağı barədə əminlik yaradır.

Qeyd edək ki, reytinqin yüksəldilməsi ADY-nin maliyyə etibarlılığını artırır və sabit gəlirliliyi ifadə edir. Bu isə bankların və investorların şirkətə daha aşağı faizlə kredit verməsinə imkan yaradır. Yüksəlmiş reytinq təchizatçılar və biznes müştərilər üçün də maliyyə sabitliyi və ödəniş qabiliyyəti baxımından pozitiv siqnaldır. Bu, daha sərfəli əməkdaşlıq şərtlərinə yol aça bilər.

Bundan əlavə, yüksək kredit reytinqi “Azərbaycan Dəmir Yolları” QSC-nin əməliyyatlarının daha səmərəli həyata keçirilməsinə şərait yaradır, eləcə də qurumun ictimai nüfuzunu və beynəlxalq imicini gücləndirir. Bu, şirkətin beynəlxalq layihələrdə və əməkdaşlıqda daha fəal iştirak etməsinə və strateji tərəfdaşlıqlar qurmasına imkan verir. Eyni zamanda, kredit reytinqinin artırılması nəticəsində ADY-nin maliyyə imkanlarının genişlənməsi, əməliyyat səmərəliliyinin yüksəlməsi və beynəlxalq nüfuzunun güclənməsi, ümumilikdə, Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verəcək.

 

Seçilən
0
xalqqazeti.az

1Mənbələr