AZ

Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbir keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında qeyd edib ki, güclü dövlətçiliyin və siyasi varisliyin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun rəhbərliyi ilə qəbul olunmuş ilk Konstitusiya müasir Azərbaycanın hüquqi əsaslarını formalaşdırıb. Prezident İlham Əliyevin liderliyi isə bu siyasi irsi davam etdirərək ölkəmizin ərazi bütövlüyünün bərpasına, regional güc mərkəzinə çevrilməsinə imkan verib.

Azərbaycan Milli Elmlər Akademiyasının professoru, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov vurğulayıb ki, 1969-cu ildən başlayan liderlik dövrü ölkənin hərtərəfli inkişafına təkan verdi. Ulu öndərin SSRİ dövründə və müstəqillik illərində həyata keçirdiyi siyasi kurs Azərbaycana sabitlik, iqtisadi dirçəliş və beynəlxalq nüfuz qazandırdı. 1993-cü ildə xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı isə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində dönüş nöqtəsi oldu.

Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Amil Sefiyev çıxışında qeyd edib ki, Heydər Əliyevin qurduğu dövlətçilik sistemi, İlham Əliyevin qətiyyəti və Azərbaycan xalqının milli həmrəyliyi Zəfərlə nəticələndi. O, özünün döyüş iştirakçısı olduğunu xatırladaraq, gənc nəslin və partiya üzvlərinin həm cəbhədə, həm informasiya savaşında ön sırada olduğunu bildirib.

YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımova isə çıxışında gəncliyin Heydər Əliyev ideyalarına sadiqliyindən, şəhid gənclərin örnək həyatlarından danışaraq qeyd edib ki, bu ideyalar Azərbaycan gəncliyinin milli özünüdərki və gələcək quruculuq yoluna işıq tutur.

XQ

Seçilən
0
xalqqazeti.az

1Mənbələr