İtaliyanın "Maplad" şirkəti Dubayda keçirilən beynəlxalq sərgidə tikinti sektoruna dair yeni texnologiyanı - dəmir əsaslı armaturları əvəz edə biləcək GFRP (Glass Fiber Reinforced Polymer) fiberglas möhkəmləndirici materialı təqdim edib.
167 ölkənin qatıldığı sərgidə nümayiş olunan bu məhsul tunel, körpü, yeraltı və ağır yüklü tikililər üçün nəzərdə tutulub.
Şirkətin CEO-su Cüzeppe Manuelenin sözlərinə görə, GFRP armatur çoxsaylı liflərdən ibarət olub polyester və ya vinilester qatranla möhkəmləndirilir və istənilən forma verilə bilir.
Bu məhsulun 1 kiloqramı təxminən 2,5 ABŞ dollarına başa gəlir.
Fiberglas armatur korroziyaya uğramır, istilik izolyasiyası yüksəkdir, kimyəvi təsirlərə davamlıdır, uzunömürlüdür və montajı əl ilə asanlıqla mümkündür. Armatur həm 2D (dairəvi və düzbucaqlı), həm də 3D (spiral) formada istehsal olunur.
“Maplad” şirkəti Avropa, ABŞ, Şimali Afrika və Yaxın Şərq bazarlarında fəaliyyət göstərir.