Pakistanın Pəncab əyalətinin adminstrativ mərkəzi sayılan Lahor şəhərində bir neçə partlayış baş verib. Bu barədə Samaa telekanalı polisdəki mənbələrinə və yerli sakinlərə istinadən məlumat yayıb.
Partlayış səsləri şəhərin Qopal Naqar ərazisi və hava limanı yaxınlığındakı Nəsirabaddakı Uolton şossesində eşidilib. Polisdən alınan məlumata görə, pakistan ordusu Radioelektron mübarizə vasitələrindən istifadə etdiyi üçün Hindistana məxsus pilotsuz uçan aparat ərazidə qəzaya uğrayıb.
Ölçüsü təxminən 1,5-1,8 metr olan kəşfiyyat pilotsuz təyyarəsi Hindistan ərazisindən idarə olunub.
Sakinlər bildiriblər ki, mərkəzi Askari 5 rayonunda da iki partlayış səsi eşidilib. Bundan əlavə Hərbi Dəniz Kollecinin binasından tüstü qalxıb.
Xatırladaq ki, Hindistan Pakistan ərazilərini bombalayıb. Belə ki, dünən Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan edib. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.
22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.
Tural