AZ

Keyfiyyətli icbari tibbi sığorta vətəndaşlara göstərilən dövlət qayğısıdır

Agentliyin hədəfi vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq və səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaqdır

 Sağlam cəmiyyət üçün həm də ölkə vətəndaşlarının sözün həqiqi mənasında tibbi sağlamlığı da önəmli məsələdir. Yəni sağlam insan işgüzar və səmərəli əmək fəaliyyəti olan insandır ki, dövlət məhz belələrinin hesabına daha çox inkişaf edir. Bu mənada, Prezident İlham Əliyevin sosial siyasətində səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və o cümlədən ən müasir tibb müəssisələrinin yaradılması prioritet məsələdir.

Məhz Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin aprel ayından tətbiq edilən icbari tibbi sığorta da həmin humanist siyasətin davamıdır. Xatırladaq ki, icbari tibbi sığorta məsələləri ilə məşğul olan dövlət qurumu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  İcbari Tibbi Sığorta  üzrə Dövlət Agentliyidir.

İcbari tibbi sığorta ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırmaq və vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan bir dövlət siyasətidir. Məhz sözügedən sığortanın tətbiqindən sonra insanların özəl və dövlət tibb müəssisələrinə müraciətlərinin sayı bir neçə dəfə artıb. Agentliyin saytındakı məlumatlara görə,  2021-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində 78 milyon 664 mindən çox müraciət üzrə vətəndaşlara 235 milyon 242 mindən çox tibbi xidmət göstərilib. Tibbi xidmətin 86 faizi ambulator, 14 faizi isə stasionar şəraitdə göstərilib.

Ən çox müraciət edilən tibbi xidmətlər sırasında ilk yerdə ümumi tibbi baxış, profilaktik müayinələr (18 yaşa qədər), qan dövranı, endokrin, tənəffüs və həzm sisteminin xəstəlikləri ilə bağlı olub. Ən çox icra olunan əməliyyatlar doğuş və ginekoloji prosedurlar, sidik cinsiyyət, ürək-damar, oftalmoloji və həzm sistemi xəstəliklərinin cərrahi müalicəsi ilə əlaqədar olub.

2021-2024-cü illər ərzində icbari tibbi sığorta ilə tibbi xidmət alan pasiyentlərin sayı artan xətlə davam edib. Belə ki 2021-ci illə müqayisədə 2024-cü ildə tibbi xidmət almış pasiyentlərin sayında  29 faiz artım qeydə alınıb. Xüsusilə TƏBİB-in tabeliyindəki dövlət  tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. 2021-ci ildən etibarən göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 541 mindən çox əməliyyat və prosedurdan yararlanıb.

2021-2024-cü illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müqaviləli özəl və sahəvi tibb müəssisələrinə 798 milyon 952 min manatdan çox, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə isə göstərilən tibbi xidmətlər müqabilində 1 milyard 553 milyon 291 min manatdan çox məbləğdə ödəniş həyata keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hədəfi əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini daha da artırmaq və uzunmüddətli perspektivdə universal tibbi təminata nail olmaqdır. 4 il əvvəl icbari tibbi sığorta çərçivəsində cəmi 1829 tibbi xidmət təminata alınmışdırsa, hazırda onların sayı 1.8 dəfə artaraq 3315-ə çatıb. Əvvəlki Xidmətlər Zərfində koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatları limitli şəkildə icra olunurdusa, hazırda sözügedən əməliyyatlarla bağlı limitlər aradan qaldırılıb. Bundan başqa, yenilənmiş Xidmətlər Zərfində ilk dəfə olaraq qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları təminata alınıb.

Xatırladaq ki, Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı mütəmadi artır. Hazırda Agentlik tərəfindən 180-dən çox özəl tibb müəssisəsi ilə müqavilə bağlanılıb. Bu siyahıya paytaxtda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar daxildir. Həmçinin  dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında pasiyentlər sərbəst şəkildə seçim edə bilirlər. Burada göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur.

Elçin Zaman, «İki sahil»

Seçilən
0
ikisahil.az

1Mənbələr