Ərizəçi, naviqator (şturman), bort mühəndisi, bort radiooperatoru və uçuş dispetçeri şəhadətnaməsini əldə etmək üçün nəzəri bilik, təcrübə, bacarıq və tibbi yararlılıq tələblərinə cavab verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması Qaydaları”nda əksini tapıb.
Naviqator (şturman), bort radiooperatoru və bort mühəndisi şəhadətnaməsinin verilməsi üçün ərizəçinin yaşı 18-dən az olmamalıdır. Uçuş dispetçeri şəhadətnaməsi üçün müraciət edən şəxsin yaşı isə 21-dən az olmamalıdır. Müraciət etdikdə, ərizəçinin tələb olunan uçuş saatlarını tamamlaması vacibdir. Bort mühəndisi və naviqator (şturman) üçün müraciət edən şəxslər əvvəlcə müvafiq uçuş təcrübəsinə malik olmalıdırlar. Əgər ərizəçi artıq pilot kimi uçuş həyata keçiribsə, Agentlik bu təcrübənin məqbul olub-olmaması ilə bağlı qiymətləndirmə aparacaq. Həmin təcrübə məqbul olarsa, uçuş müddəti tələbləri müəyyən qədər azaldıla bilər. Naviqator (şturman) və bort mühəndisi təcrübəsi olan şəxslərin Agentlik tərəfindən müəyyən edilmiş uçuş saatlarını tamamlaması tələb olunur. Həmçinin, müraciətçilərin cari Sinif 2 tibbi sertifikata malik olmaları lazımdır.