AZ

Bu gün mediamız qlobal informasiya məkanında təsir imkanlarını genişləndirir, rəqabət qabiliyyətini artırır

Dövlət başçısı İlham Əliyevin «Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında» Sərəncamında hazırkı dövrün tələblərinə uyğun çağırışlar öz əksini tapıb

Azad mətbuatın inkişafı dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Bu il milli mətbuatın yaranmasının 150 illiyini qeyd edirik. Dövlət başçısı İlham Əliyevin 25 aprel 2025-ci il  tarixli «Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında» Sərəncamı ötən dövrün reallıqlarının və qarşıda dayanan vəzifələrin təqdimatı kimi dəyərləndirilir. Bu sənəddə dövrün tələblərinə uyğun çağırışlar səsləndirilir və onların həyata keçirilməsi üçün zəruri addımlar açıqlanır.  

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin «Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. «Əkinçi»dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik» fikirlərinin davamı olaraq Prezident İlham Əliyevin «Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm» çağırışı Azərbaycan mətbuatının zəngin yol keçdiyini, hər zaman üzərinə düşən missiyanı şərəflə, obyektiv yerinə yetirdiyini təsdiqləyir.

Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir önəmli hadisə, əlamətdar tarix  keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan mətbuatının inkişaf tarixi bir neçə mərhələyə bölünür. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış «Əkinçi» qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. «Əkinçi»nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin «Əkinçi»nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinib və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri «Əkinçi» qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

Azərbaycan mətbuatının inkişafından bəhs edərkən müstəqillik dövrü daha çox diqqətdə olur. Bu reallığı qeyd etməliyik ki, müstəqilliyimizin bərpasının ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat da problemlərlə üz-üzə qalmışdı. Mətbuat azadlığı hər addımda boğulur, jurnalistlər təzyiqlərlə üzləşirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra azad mətbuatın da inkişafında yeni mərhələ başladı. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Senzuranın ləğvi azad mətbuatın qarşısında yeni imkanlar açdı. Ümummilli Lider müasir müstəqil Azərbaycanın hərtərəfli inkişafı, bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı. Ümumilikdə demokratiyanı strateji kursumuzun əsası kimi dəyərləndirərək heç bir qüvvənin bizi bu yoldan döndərə bilməyəcəyini bəyan etdi. Ölkəmizdə demokratik cəmiyyətin varlığını  təsdiqləyən  bütün amillərin bərqərar olması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan qısa zamanda demokratiya təcrübəsi ilə dünyanın diqqətində oldu. Azad mətbuatın inkişafı, jurnalist peşəkarlığının artırılması bütün dövrlər üçün aktuallığını qoruyub. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yarandı.

Son 21 ildən  artıq dövrdə Heydər Əliyev  siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuatın inkişaf səviyyəsində də özünü aydın şəkildə göstərir. Mətbuat azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır.  Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün çətin, eyni zamanda, şərəfli yol keçib. Azərbaycanda media üçün yaradılan şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Təbii ki, qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.

Bu gün Azərbaycanın hər hansı sahədə inkişafından söhbət gedirsə öncə hər birimizi qürurlandıran tarixi Zəfərimizdən bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən sonra bütün sahələrdə yeniliklər, təkmilləşmə bir tələbə çevrilib. Çünki yeni reallıqlar yaranıb, bunlar isə öz növbəsində islahatlar prosesinin dərinləşdirilməsinə çağırışlar edir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, islahatların məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşır, təkmilləşir, dəyişməz olan prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında əhəmiyyətli rol oynayır. Müasir texnologiyalar imkan verir ki, internet jurnalistikasının əhatə dairəsi də genişləndirilsin. Bu gün artıq həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələr, internet ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bunun üçün hər bir informasiyanın dəqiqləşdirilməsi, mənbəyə əsaslanması mütləqdir.

Azərbaycanda demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Dövlət başçısı İlham Əliyev bu reallığı hər zaman önə çəkir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə demokratik inkişafı ilə seçilir, iqtisadi inkişafı aşağı səviyyədədir. Lakin Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsində stimulverici amilə çevrilib.

Tarixi Zəfərimizdən ötən beş il  hər sahədə olduğu kimi, media sahəsində də yeniliklərin, təkmilləşmənin geniş miqyas alması, Prezident İlham Əliyevin azad mətbuatın inkişafına xidmət edən addımlarının davamlılığı ilə diqqət çəkir. Ulu Öndər Heydər Əliyevin cəmiyyətin güzgüsü kimi dəyərləndirdiyi mətbuatı dövlətimizin başçısı İlham Əliyev hazırkı dövrdə belə səciyyələndirir: “Müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir.” Azad mətbuatın inkişafı daim dövlətimizin siyasətinin əsasını təşkil edir. İmzaladığı Fərman və sərəncamlarla, təsdiqlədiyi qanunlarla jurnalistlərin dostu, mətbuatın böyük hamisi kimi diqqətdə olan Prezident İlham Əliyev mətbuatın inkişafına daha geniş imkanlar açır, söz azadlığını yüksək səviyyədə təmin edir. Dövlətimizin başçısı İlham Əliyev 2021-ci ilin yanvarında  “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Sənəd bir daha təsdiqlədi ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv, peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatların aparılması zərurətdir. Ölkəmizdə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu Fərmana uyğun olaraq, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Qurumun qısa zamanda azad mətbuatın inkişafına yönələn addımları təqdirəlayiqdir. 2022-ci ildə  Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafında yeni mərhələ kimi dəyərləndirilən, 9 fəsildən, 78 maddədən ibarət olan «Media haqqında» Qanunu təsdiqlədi.

Dövlətimizin başçısı İlham Əliyev «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən azad olunur. Bu mühüm addım media subyektlərinin iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı.  

Dövlətimiz   müasir medianın inkişafına bu qədər önəm  verir. Bu, Azərbaycan dövlətinin maddi-mənəvi gücü, qüdrəti  deməkdir. Atılan hər bir addım ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Yuxarıda da qeyd etdiyimiz kimi, ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informa­siya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib.

Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında Sərəncamlar davamlılığı ilə diqqətdədir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində  təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib.  Bütün bunların nəticəsidir ki, son 21 ildə cənab  İlham Əliyev üç dəfə «Jurnalistlərin dostu» mükafatına layiq görülüb. Dövlətimizin başçısı  «Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik  prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai  rəyə təsirinin gücləndiyi müasir dövrdə  mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir» fikirləri ilə   Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri  diqqətə çatdırır.

Günümüzün əsas tələblərindən olan  informasiya təhlükəsizliyinin təmin edilməsi də jurnalist məsuliyyətini və peşəkarlığını aktuallaşdırır. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq  hər bir mətbu orqan dövlətçilik maraqlarını  öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır.

Cənab İlham Əliyevin «Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında» Sərəncamında mətbuatımızın keçdiyi inkişaf yoluna bir daha nəzər salınaraq qeyd edilir ki,  Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir.  Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoydu, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərdi, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratdı. Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır. Milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq imzalanan bu Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi media sahəsində yeniliklərə yol açacaq. Qalib, bütövləşən, yeni Azərbaycanın son illərdə xarici siyasətinin  əsas tərkib hissəsi olan  ikitərəfli əlaqələrinin yeni istiqamətlər üzrə inkişafına diqqət yetirsək media sahəsində əməkdaşlığa xüsusi önəm verildiyinə şahid oluruq. Azərbaycanla qardaş Türkiyə arasında Ortaq Media Platformasının yaradılmasını xüsusi qeyd etmək istərdik. Həmçinin bu günlərdə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Prezidentinin dövlət başçısı İlham Əliyev ilə birgə iştirakı əsasında imzalanan sənədlərdən biri məhz media sahəsində əməkdaşlıq oldu. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalandı.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, ölkəmizdə islahatlar prosesi bütün sahələrdə uğurla davam etdirilir. Dövrün çağırışları bu prosesi qaçılmaz edir. Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Azərbaycan digər sahələr kimi, media sahəsində də yeniliyə, təkmilləşməyə xüsusi diqqət göstərir. Yeni əməkdaşlıq formatlarının yaradılmasında media sahəsi xüsusi yer tutur.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
0
ikisahil.az

1Mənbələr