Avropa Komissiyası Rusiyaya qarşı 17-ci sanksiyalar paketi çərçivəsində 54 fiziki şəxsi, 14 şirkəti və 149 tankeri qara siyahıya daxil etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Brüssel portalı “EUObserver” Avropa Komissiyasının mayın 6-da Aİ ölkələrinə göndərdiyi təklifə istinad edərək bildirib.
Daha əvvəl “Bloomberg” agentliyi eyni sənədlərə söykənərək 60 hüquqi və fiziki şəxs və 150 tanker barədə məlumat vermişdi. Eyni zamanda, hər iki məqalə Aİ Şurasında birlik ölkələri ilə sanksiyaların razılaşdırılmasından sonra yekun rəqəmlərin “dəyişə biləcəyini” qəbul edir.
Avropa KİV qeyd edir ki, yeni sanksiyalar paketi heç bir yeni struktur ticarət və ya iqtisadi məhdudiyyətlər ehtiva etmir, çünki Avropa Komissiyası onu mümkün qədər tez təsdiqləməyə çalışır və razılaşdırılması zamanı hər hansı gecikmələrdən qaçınmağa səy göstərir.