AZ

Trampın erməni mediasının pulunu kəsməsi Almaniyada suallar doğurdu...


Şakir Ağayev: “ABŞ fondlarının Ermənistan mediasını və QHT sektorunu maliyyələşdirməsi bir reallıqdır, bunun heç bir sübuta ehtiyacı yoxdur”

Donald Tramp administrasiyasının ABŞ-ın xarici yardımını kəskin şəkildə kəsmək qərarından sonra USAID-in bütün dünyada, o cümlədən Ermənistanda proqramları dayandırılmağa başlayıb

Almaniya mediası “erməni QHT və mediası ABŞ-ın pulu olmadan necə yaşayır” sualı ətrafında araşdırma aparıb.

Trampın USAİD-lə bağlı qərarından sonra Amerika maliyyəsinin azalması Ermənistanda “müstəqil media” və vətəndaş təşəbbüslərinə əhəmiyyətli dərəcədə təsir edib. Onların bir çoxu bağlanmaq ərəfəsindədir.

D.Trampın bu addımından və USAİD-in ayrıdığı maliyyə vəsaitindən ermənilərin məhrum olunmasının çətinliklər yaratdığını qeyd edirlər.

Almaniyanın “DW” media portalı yazır ki, bu, müstəqil media, təhsil platformaları və vətəndaş cəmiyyətinin təşəbbüslərinə zərbə vurub.

Bu yazıdan da aydın görsənir ki, 1992-ci ildən bəri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistanda vətəndaş cəmiyyətinin və medianın maliyyələşməsində rol oynayıb. “2025-ci ilə qədər USAID və ABŞ səfirliyi vasitəsilə təkcə media sahəsinə on milyonlarla dollar yönəldilib. Lakin Donald Trampın ikinci dövründə başlayan xarici yardımların kütləvi şəkildə kəsilməsi ilə bağlı siyasi qərarla Ermənistandakı layihələr dayandırılıb və ya tamamilə məhdudlaşdırılıb. Beş illik 15 milyon dollar dəyərində medianın inkişafı proqramı həyata keçirən İnternyusun Ermənistandakı ofisinin bağlanması sektor üçün simptomatik siqnal idi”. Bunu İrəvan Mətbuat Klubunun fəxri sədri Boris Navasardyanın DW-yə müsahibəsində deyib.

O, qeyd edib ki, erməni mediasının müstəqil seqmentinə daxil olan xarici maliyyənin təxminən 60%-i ABŞ büdcəsindən ayrılıb. “Bunlar siyasi və ya oliqarxik strukturların himayəsindən zövq almayan və xüsusilə ABŞ tərəfindən dəstəklənən qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılmış sabit və təhlükəsiz peşəkar mühitə xüsusi ehtiyacı olan KİV-lərdir”. Deyə o, qeyd edib.

O, əlavə edib ki, Amerikanın maliyyələşdirilməsinin dayandırılması informasiya sferasında sistemli islahatlar strategiyasının həyata keçirilməsini yarı yolda - qanunvericiliyin təkmilləşdirilməsindən müstəqil məzmun üçün qrant dəstəyinə qədər dayandırdı. Qeyd olunur ki, ABŞ prezidentinin bu qərarı Azadlıq Radiosunun Erməni Xidmətinə (Azadlıq Radiosu) təsirsiz ötüşməyib. Onun direktoru Heghine Buniatyanın DW-yə verdiyi məlumata görə, Qlobal Media Agentliyi vasitəsilə alınan maliyyə dayandırıldıqdan sonra İrəvan və Praqa ofislərinin işçilərinin 80%-ə qədəri qismən maaşla məcburi məzuniyyətə göndərilib, ştatdankənar müxbirlərlə əməkdaşlıq dayandırılıb. Bildirilir ki, Ermənistanda araşdırmaçı jurnalistləri hazırlayan bir neçə qeyri-formal təhsil platformasından biri olan “Hetq Media Factory” bağlanmaq ərəfəsindədir. Mərkəzin direktoru Harutyun Mansuryan DW-yə deyib ki, “Biz tədris ilinin sonuna qədər təhsilimizi davam etdirəcəyik, lakin bundan sonra hər şey sual altındadır”. O, deyib ki, layihə tamamilə ABŞ səfirliyi tərəfindən maliyyələşdirilib: “Biz yeni proqrama başlamağa hazırlaşırdıq, lakin hər şeyi dayandırmaq lazımdır”. Məlumatlı Vətəndaşların QHT İttifaqının rəhbəri Daniel İoannisyanın DW-yə verdiyi müsahibədə qeyd edib ki, məhdudlaşdırmanın zəncirvari reaksiyası USAİD-dən birbaşa asılı olmayan təşkilatlara da təsir edib.

Ermənistanın “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan etiraf edib ki, Amerikanın maliyyələşdirməsinin azalması müstəqil medianın işinə mənfi təsir göstərir. Eyni zamanda qeyd edib ki, heç də bütün layihələr ona inam yaratmır. "Şübhə etdiyim proqramlar var - məsələn, demokratik mədəniyyətin inkişafı proqramı. Mən hamılıqla demokratiya tərəfdarıyam, lakin avropalı emissarların bəzən nümayiş etdirdiyi riyakarlığı və (baş nazir) Nikol Paşinyanı dəstəkləyən QHT-lərin siyasətini nəzərə alsaq, mənim müəyyən ehtiyatlarım var", - o, “DW”-yə müsahibəsində deyib.

Biz bu məqalədən müəyyən hissələr təqdim etdik.

Almaniya mediası Trampın islahatları nəticəsində Ermənistan mediasının və QHT-lərinin pullarının kəsilməsindən yazıb və qeyüd edib ki, bu islahatlar Ermənistana təsir edib.

Bu da doğrudan da Ermənistan mediasının və QHT-lərinin xarici pullarla fəaliyyət göstərdiyinin bir daha sübutudur.

“Almaniya ona görə bu məsələni müzakirə edir ki, sabah Ermənistan mediası və QHT sektoru ABŞ-ın kəsdiyi pulu Avropadan istəyə bilər”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistandakı QHT və media orqanlarının əksəriyyətinin 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra ABŞ fondları və digər qurumlar tərəfindən maliyyələşməsi heç kimə sirr deyil: “İlk növbəfdə ABŞ-ın USAİD, Milli Demokratiya İnstitutu, Respublikaçılar İnstitutu və digər qurumlar Ermənistan mediasını və QHT-lərini maliyyələşdirib. ABŞ-da donor təşkilatlar var ki, onlar “yumşaq güc” yaratmaq üçün Ermənistan mətbuatının və QHT sektorunun maliyyələşməsini təmin edib. Orda bir sıra media qurumları və QHT-lər məhz ABŞ təşkilatlarının pulu ilə yaradılıb. Paşinyan hakimiyyətə gələndən sonra onlara geniş imkanlar açılmışdı. Tramp hakimiyyətə gələndən sonra USAİD-in fəaliyyətinin məhdudlaşdırılması baş verdi. O fondlar ki, vardı onlar Ermənistan kimi ölkələrdə fəaliyyət göstərirdi, “yumşaq güclər” hazırlayırdı, bu qurumların büdcəsi kəsiləndən, pulları azaldılandan sonra Ermənistandakı media qurumları və QHT-lər çətin duruma düşüblər. Düzdür, erməni mediası və QHT-lərinin bir qismi də Avropa fondlarından maliyyələşir, onlar vasitəsilə fəaliyyət göstərirlər. Ancaq nəzərə alsaq ki, Avropa fondlarının çoxu da ABŞ fondlarından maliyyələşdirdi, sözsüz ki, bu Ermənistandakı QHT və media qurumlarının fəaliyyətinə mənfi təsirini göstərir. Bu açıq mənbələrdə də var və sübuta da ehtiyacı yoxdur ki, Avropa və ABŞ 2018-ci ildən sonra Ermənistanda antirusiya əhval-ruhiyyəsi yaratmaq, Rusiyanın mövqeyini zəiflətmək üçün yüzlərlə, minlərlə QHT, media strukturları açıblar, onlar çox geniş şəkildə bu səpkidə fəaliyyətlərini davam etdirirlər. Görünən dağa bələdçi lazım deyil. ABŞ fondlarının Ermənistan mediasını və QHT sektorunu maliyyələşdirməsi bir reallıqdır, bunun heç bir sübuta ehtiyacı yoxdur. Bunu dünyada da bilirlər, buna da Ermənistan hökuməti özü şərait yaradıb”.

Trampın erməni mediasının pulunu kəsməsinin Almaniya mətbuatında suallar doğurmasının təsadüfi olmadığını deyən Ş.Ağayevin sözlərinə görə, ABŞ erməni medisının və QHT-lərinin maliyyələşdirilməsini dayandırdıqdan sonra yük Avropa ölkələrinin üzərinə düşür, Almaniya da Avropanın aparıcı dövlətlərindən biridir: “

ABŞ-ın təkbaşına həyata keçirdiyi maliyyələşmə prosesini Avropa təkbaşına görmək gücündə deyil. Ona görə də bu məsələ Avropa mətbuatında, Avropa İttifaqının əsas dövlətlərindən olan Almaniyada narahatçılıq doğurur. Yəni Almaniya ona görə bu məsələni müzakirə edir ki, sabah Ermənistan mediası və QHT sektoru ABŞ-ın kəsdiyi pulu Avropadan istəyə bilər. Buna isə onların gücü yoxdur.

Amma Ermənistandan fərqli olaraq Azərbayancan dövləti istər medianı, istərsə də QHT sektorunu özü maliyyələşdirir. Hətta müstəmləkə əsarətində olan xalıqların da azadlıq mübarizələrinə Azərbaycan yaxından dəstək verir. Amma Ermənistanda bu imkanlar yoxdur.

Bilirik ki, xaricdən maliyyələşən QHT və medialar həmin dövlətlərdə o fondaların maraqlarını təmin etmək və maraqlarını qorumaq üçündür. Hansı dövlət ki, pul verir Ermənistanda onun maraqları həyata keçirilir.

Əgər proseslər bu şəkildə davam etsə biz Ermənistanda medianın və QHT-lərin getdikcə iflasa uğradığının şahidi olacağıq. Proses də ona doğru gedir.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr