AZ

Avropada “Qalatasaray”dan başqa belə seriyası olan klub yoxdu

Türkiyə çempionatında son 5 tura ən yaxın rəqibindən 5 xal öndə daxil olan lider “Qalatasaray”da xüsusilə ikinci dövrədən etibarən müdafiə performansı diqqəti çəkir.

Halbuki komandanın ilk dövrədə ən axsayan mövqeyi məhz müdafiə xətti idi. Okan Burukun komandası oktyabrın 23-dən yanvarın 21-nə qədər olan müddətdə keçirdiyi 16 rəsmi matçın cəmi 1-də qapısını toxunulmaz saxlayaraq tənqid obyektinə çevrilmişdi. Amma yanvarın sonlarından başlayaraq Türkiyə çempionu yavaş-yavaş bu problemi yoluna qoymağı bacardı.

20-ci turdan sonra “Qalatasaray” superliqada mövsümün ən az qol buraxan komandaları sıralamasında yalnız 5-ci pillədəydisə, hazırda “Cim-Bom” bu göstəricidə liderdi! Komanda keçirdiyi 31 oyuna yalnız 30 top buraxıb. “Sarı-qırmızılar” bu 31 qarşılaşmanın 11-də qapını toxunulmaz saxlamağı bacarıb. “Adana Dəmirspor”un meydandan çəkilməsi nəticəsində qazanılan 3:0-lıq texniki qələbə bura daxildi. İstanbul nəhənginin indiyə qədər buraxdığı 30 qolun 21-i ilk dövrənin payına düşür. Yəni qışda müdafiə xəttini gücləndirməyə macal tapan “sarı-qırmızılar” 2-ci dövrədə keçirdikləri 13 oyunda cəmi 9 top buraxıblar. Komanda bu 13 oyunun 7-də qapısını toxunulmaz saxlayıb. Təsadüfi deyil ki, “Qalatasaray” superliqada son 5 ev oyununda qol buraxmayıb və Okan Buruk daha bir mühüm göstəricinin astanasındadı.

“Qalatasaray”a superliqada İstanbulda qol vuran son komanda yanvarın 4-də “Göztəpə” olub. Həmin tarixdən bəri Türkiyə çempionu bir-birinin ardınca “Konyaspor”, “Adana Dəmirspor”, “Fənərbaxça”, “Antalyaspor” və “Bodrum”la görüşlərdə qapısını toxunulmaz saxlayıb.

Maraq üçün bildirək ki, yanvarın 4-dən bəri Avropanın ən güclü 10 çempionatında mübarizə aparan 183 klubdan heç birinin belə seriyası yoxdu! “Qalatasaray” bu gün “Sivasspor”la oyunda da qol buraxmayacağı təqdridə seriya 6 oyuna çatacaq.

Okan Buruk son 40 ildə “Cim-Bom”un başında belə seriya yaxalayan ilk mütəxəssis olacaq!

Seçilən
0
football-plus.az

1Mənbələr