AZ

Müxalifət Paşinyanı devirmək istədi, əvəzində Köçəryan və Sarkisyanın tərəfdarları arasında didişmə şiddətləndi...


Ermənistan parlamentinin “Şərəfim var” müxalifət fraksiyası baş nazir Nikol Paşinyanın impiçmenti prosesinə başlamağa hazır olduğunu bəyan edib. Fraksiya rəhbəri Hayk Mamicanyan bildirib ki, müxalifət bu istiqamətdə müvafiq fəaliiyəti zəruri hesab edir. Prosesə başlamaq üçün təşəbbüskarlar baş nazirliyə namizəd irəli sürməlidirlər.

Hökumət başçısına etimadsızlıq bildirmək üçün 107 deputatdan azı 54-ü impiçmentə səs verməlidir. Müxalifətin “Hayastan” və “Şərəfim var” fraksiyalarına 34 deputat daxildir. Hakim “Vətəndaş müqaviləsi” partiyasının 69 mandatı var. Daha dörd deputat müstəqil statusa malikdir. Bu, o deməkdir ki, müxalifətin parlamentdə Paşinyanın impiçmenti prosesinə başlama şansı çox azdır. Lakin Mamicanyan geri çəkilməyəcəklərini bildirib: “Biz təsdiq edirik ki, hazırda hakimiyyət dəyişikliyinə nail olmağın ən çox ehtimal olunan yolu baş nazirə etimadsızlıq nümayiş etdirmək prosesidir. Hazırda baş nazir vəzifəsinə namizədimiz yoxdur. Biz namizəd məsələsini ilkin şərt olmadan müzakirə etməyə və baş nazirə etimadsızlıq ifadəsi prosesini başlamağa hazır olduğumuzu bildiririk”. Onun sözlərinə görə, fraksiyanın bütün altı deputatı bu bəyanatı imzalayıb. O əlavə edib ki, başqa bir müxalifət fraksiyası olan “Hayastan” Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın baş nazir postuna namizədliyini irəli sürərsə, “Şərəfim var” fraksiyası bunu dəstəkləyəcək. Bu arada, ikinci prezidentin rəhbərlik etdiyi “Hayastan” fraksiyası hazırda baş nazirə etimadsızlıq prosesini real hesab etmir. Fraksiya bir müddət əvvəl vurğulamışdı ki, təşəbbüskarlar lazımi sayda imza toplayıb, xalq kütləsini küçələrə çıxarmaq imkanına malik olsalar, impiçment prosesinə başlamaq üçün onlara kömək etməyə hazırdırlar.

Serj Sarkisyanın rəhbərlik etdiyi fraksiyada cəmi 6 deputat var. Baş nazirə etimadsızlıq prosesinin başlaması üçün 36 deputatın imzası, qərarın verilməsi üçün isə ən azı 54 lehinə səs lazımdır. Bu arada onu da qeyd edək ki, son zamanlar Serj Sarkisyanla Robert Köçəryanın komanda yoldaşları arasında da münasibətlər Paşinyana etimadsızlıq ifadəsi məsələsinə görə gərginləşib. “Hayastan” fraksiyasının deputatları Serj Sarkisyanın Respublikaçılar Partiyasını Paşinyanın impiçmenti məsələsindən onları hədəfə almaq üçün istifadə etməkdə ittiham edirlər. Üstəlik, deputatlara impiçment prosesinə başlamaq təklifi ilə müraciət edən “Biz Oyanıq” təşəbbüsünün üzvlərinin Serj Sarkisyanın tərəfdarları olduğunu iddia edirlər. Hayk Mamicanyan onlara qarşı irəli sürülən ittihamlara cavab olaraq qeyd edir ki, bəzi qüvvələrdən fərqli olaraq, onlar vasitəçilər vasitəsilə hərəkət etmirlər: “Bu proses Nikol Paşinyana etimadsızlıq ifadə etmək prosesidir. Əgər bu prosesi onlara qarşı dərk edənlər varsa, mən heç nə deyə bilmərəm”.

Belə görünür ki, müxalifət Paşinyanın devrilməsi üçün şansını gələn il keçirilən seçkilərdə sınamlı olacaq. Bu zaman müxaliflər Rusiyadan dəstək ala biləcəklərinə ümid edir. Bunu Ermənistan hakimiyyəti də açıq mətnlə bəyan edir. Nikol Paşinyanın Rusiyaya mümkün səfəri ərəfəsində onun komanda yoldaşı Arsen Torosyan bəyan edir ki, Moskva 2026-cı ildə gözlənilən parlament seçkilərinin nəticələrinə sistemli şəkildə təsir göstərməyə çalışır. O, parlament sədri Alen Simonyanın bu xüsusda dediklərini bir daha əsaslandırıb ki, Rusiya mərkəzi hökuməti Ermənistana qarşı hibrid müharibə aparır: “Belə ki, onların xoşuna gələn, istədiyini edən hökumət istəyirlər. İstəyirlər ki, ölkədə heç kim Ermənistan Respublikasının suverenliyinin və müstəqilliyinin artırılmasına can atmasın”. Budan əvvəl Alen Simonyan da Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq istədiyini iddia edib. O bildirib ki, Rusiya tərəfi hətta bunun üçün maliyyə vəsaiti də xərcləyir. Moskvadan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Simonyanın ittihamlarına qısa cavab verib: “Yumşaq desək, Alen Simonyanın qayıtdığı ritorika təəssüf doğurur. Bu, parlament sədrinin imicinə uyğun gəlmir. Alen Simonyanın səsləndirdiyi, Moskvanın hibrid müharibə ilə ittiham edilməsi çaşqınlıq yaradan aqressiv ifadələrin növbəti mərhələsidir. Burada keçirilən tədbirlərdə Ermənistan rəhbərliyi iştirak edəcəksə, hansı hibrid müharibədən danışmaq olar? Rusiya Federasiyası ilə Ermənistan ən yüksək səviyyədə və Xarici İşlər Nazirliyinin xətti ilə müntəzəm kontaktlar qurur. Biz ancaq qarşılıqlı fəaliyyət və əməkdaşlıqdan danışırıq... Orada mənə elə gəlir ki, Ermənistan parlamenti sədrinin mövqeyi isə buna uyğun gəlmir. Düzü, təsəvvür edə bilmirəm ki, o, istər kiminsə təhriki ilə, istərsə də öz fikri ilə belə fikirlər səsləndirsin. Kimsə fakt göstərə bilsə də, bu, artıq mümkün deyil. Məncə, bu, Qərbin metodlarının sanki yenidən işlənməsidir”. Lakin Arsen Torosyan qeyd edir ki, hibrid müharibənin zərbələri İkinci Qarabağ müharibəsindən sonrakı dövrün müxtəlif mərhələlərində hiss olunub. O bildirib ki, istifadə olunan alətlər iqtisadi xarakterdən tutmuş informasiyaya qədər müxtəlifdir. Bu arada Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan hakimiyyətinin Qərbə yaxınlaşmasını tənqid etməsi də irəvanda aqressibv qarşılanıb. Arsen Torosyanın fikrincə, bu, açıq şəkildə şantajdır: “Kobud desək, o deməkdir ki, birdən-birə Qərb ölkələri ilə münasibətləri yaxşılaşdırmağa çalışmayın, əks halda biz məsələn, Ermənistanda iğtişaşları qızışdıra bilərik, münaqişələr yarada bilərik və sair”.

Ramil QULİYEV

Seçilən
0
baki-xeber.com

1Mənbələr