BAKI, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə telefon danışığı aparıb.
TurkicWorld-un məlumatına görə, telefon danışığında Hindistan və Pakistan arasında artan gərginlik, 6 may gecəsi baş verən hücum və regiondakı son hadisələr müzakirə olunub.
Ərdoğan söhbət zamanı Türkiyənin Pakistanla həmrəy olduğunu vurğulayıb, hücum nəticəsində həlak olan pakistanlılara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Pakistanın bu prosesdə nümayiş etdirdiyi təmkinli yanaşmanı dəstəkləyir. O, Cammu və Kəşmirdəki terror hücumu ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən qərəzsiz, şəffaf və etibarlı bir istintaq aparılması təklifini düzgün və yerində hesab etdiyini bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün bütün səyləri göstərməyə hazırdır və bu istiqamətdə diplomatik əlaqələr davam etdiriləcək.