AZ

Bəbir 4 yaşlı uşağı anasının əlindən ALDI

Hindistanda dörd yaşlı uşaq bəbir tərəfindən anasının əlindən alınaraq öldürülüb.

News24.az xəbər verir ki, faciə mayın 3-də, şənbə günü axşam Uttarxand ştatının Bajeşvar rayonunun Mana Kabra kəndində baş verib.

Gənc ana Neelam Bora oğlu Naitkanı açıq tualetə apararkən orada gizlənən bəbir kolların arasından tullanaraq uşağı onun qucağından qoparıb. Yırtıcı uşağı yaxınlıqdakı dərəyə sürükləyib.

Kənd muxtarı Jyoti Bora bildirib ki, dərhal uşağın axtarışına başlanılıb, lakin onu xilas etmək mümkün olmayıb. Cansız cəsəd evdən təxminən 200 metr aralıda boyun nahiyəsinin dərin yaraları ilə tapılıb.

Meşə idarəsi ailəyə kompensasiya verilməsi proseduruna başlayıb və ərazidə patrulların gücləndirildiyini elan edib. Növbəti hücumların qarşısını almaq üçün kəndin yaxınlığında üç tələ qurulub. Meşə Departamentinin sözçüsü Dhruv Singh Martolia bildirib ki, bəbirin evtanizasiyası üçün baş nəzarətçidən icazə alınıb./medianews


Seçilən
0
news24.az

1Mənbələr