Çinin “Shein” və “Temu” elektron ticarət nəhəngləri Şimali Amerika bazarındakı satışlarını azaldır, eyni zamanda, ABŞ-da bu sahənin iri pərakəndə satıcıları üçün qiymət artımı riski də artır.
AZƏRTAC xəbər verir ki, “Shein” və “Temu” artıq ABŞ və Çin arasındakı tarif müharibəsindən ziyan çəkir. Çinin bu nəhəngləri ABŞ-nin tətbiq etdiyi yüksək gömrük rüsumlarını kompensasiya etmək məqsədilə pərakəndə qiymətləri artırdıqdan sonra bir həftə ərzində satışlarının ikirəqəmli faizlə azaldığını bildirirlər. Bu, Donald Trampın ticarət müharibəsinin bu platformaların populyarlığına zərbə vurmasının erkən əlamətlərindəndir.
“Bloomberg”in məlumatına görə, “Shein” ABŞ-də satışlarının 23 faiz azaldığını qeyd edib. Eyni dövrdə “Temu”nun satışları 17 faiz geriləyib.
Satışların ilkin azalması, Trampın “de minimis” adlanan vergi güzəştini ləğv etməsi ilə qiymətlərin artmasına amerikalı istehlakçıların ilk reaksiyalarından biridir. Bu güzəşt dəyəri 800 ABŞ dollarınadək olan idxal mallarını gömrük rüsumundan azad edirdi. “Shein” və “Temu” bu qərardan uzun müddət ABŞ-də kiçik bağlamaları rüsumsuz çatdırmaq üçün istifadə edirdi.
Aprelin 15-dən sonra “Shein” platformasında gözəllik və sağlamlıq kateqoriyasına daxil olan 100 ən populyar məhsulun orta qiyməti iki dəfədən çox artıb. Oyun və oyuncaq kateqoriyasında qiymətlər 60 faizdən çox, ev və mətbəx məhsullarında təxminən 40 faiz, qadın geyimlərində isə 10 faiz bahalaşıb.
Belə olan halda, “Temu” Çindən ucuz idxala yönəlmiş uğurlu modelindən imtina edərək “yerli sifariş icrası” modelinə keçməyi planlaşdırır. Bu plan çərçivəsində şirkət yaxın gələcəkdə ABŞ bazarında yalnız yerli satıcıların məhsullarını təqdim etməyə çalışacaq ki, idxal rüsumlarından yayınsın.