Bakı, 7 may, AZƏRTAC
ABŞ-ın Tarlton Dövlət Universitetinin alimləri mikroplastiki sudan təmizləmək üçün yeni üsul ixtira ediblər. Bunun üçün bitki ekstraktlarından istifadə etmək tövsiyə olunub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 5 millimetrdən kiçik plastik hissəciklər olan mikroplastik ekosistemlərdə yayılır. Bu hissəciklər iri plastik tullantıların ətraf mühitə yayılmasından sonra parçalanma nəticəsində yaranır. Mikroplastiklər artıq dünya okeanlarında və buzlaqlarda aşkar edilib. Onlar nəinki ekosistemə ziyan vurur, həm də ona yapışan digər zərərli vasitələrlə daha da çirklənməyə səbəb olurlar.
Çirkab sularının ənənəvi təmizlənməsi üsulları özləri də ekosistem üçün toksikdir. Tədqiqatçılar isə zərərsiz, toksik olmayan təmizləmə metodlarına üstünlük veriblər. Təcrübələr zamanı müəyyən edilib ki, güldəfnə, bamya və tamarinda bitkilərindən alınan birləşmələr mikroplastik hissəciklərə yapışaraq çöküntü yaradır, nəticədə plastiklərin sudan ayrılması asanlaşır.
Alimlər doğranmış bamya qabıqlarını və güldəfnə toxumlarını ayrı qablarda gecədən suda saxlayıblar. Daha sonra həmin suda həll olunmuş ekstraktları toplayaraq qurudub toz halına salıblar. Analiz göstərib ki, bu toz halında olan ekstraktların tərkibində təbii polimerlər olan polisaxaridlər var.
Tədqiqatın nəticələrinə əsasən, bamya ekstraktı dəniz suyundan mikroplastiki 70 faiz effektivliklə təmizləyib, güldəfnə yeraltı sudan 80–90 faiz, hər iki ekstraktın qarışığı isə şirin sudan 77 faiz mikroplastik çıxarıb.
Bu təbii birləşmələr sənaye üsulu ilə hazırlanan süni təmizləyicilərdən daha effektiv olub. Onlar həm də bioloji parçalanır ki, bu da onları ekosistem üçün təhlükəsiz edir.
Qeyd edək ki, bundan əvvəl Aralıq dənizinin ən dərin nöqtəsi olan Kalipso çökəkliyində böyük miqdarda tullantı aşkar edilib. Bu tullantıların 90 faizini plastik məhsullar təşkil edib. Hər kvadratmetrdə 26 mindən çox tullantı aşkar olunub. Tullantılar ya dəniz cərəyanları ilə buraya gətirilib, ya da qayıqlardan atılıb.