AZ

Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri: dünəni, bu günü və sabahı

2025-ci il mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Atatürk mərkəzində "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri: dünəni, bu günü və sabahı" mövzusunda elmi seminar keçirilib
Sherg.az xəbər verir ki, tədbir Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın nəqliyyat və kommunikasiya istiqamətlərindəki inkişaf dinamikasını əhatəli şəkildə dəyərləndirmək məqsədi daşıyırdı.
Tədbiri giriş sözü ilə açan nəqliyyat üzrə ekspert Aslan Əsədov çıxışında bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri tarix boyu yalnız dostluq və qardaşlıq prinsiplərinə deyil, eyni zamanda strateji əməkdaşlıq və qarşılıqlı iqtisadi maraqlara əsaslanıb. Bu münasibətlərin əsas sütunlarından biri nəqliyyat və kommunikasiya sahəsində formalaşan ortaq təşəbbüslərdir. Xüsusilə son onilliklərdə bu əməkdaşlıq regionun tranzit və logistika mərkəzinə çevrilməsinə mühüm töhfə verib.
Seminarın əsas məruzəçilərindən biri, Milli Məclisin deputatı Vüqar İskəndərov çıxışında iki qardaş ölkə arasında əməkdaşlığın tarixi kontekstini və bu günə qədər əldə olunan nailiyyətləri nəzərdən keçirdi. O vurğuladı ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) və Zəngəzur dəhlizi kimi iri infrastruktur layihələri, yalnız regional deyil, qlobal əhəmiyyət daşıyır. Bu layihələr vasitəsilə Azərbaycan və Türkiyə Avropa ilə Asiya arasında etibarlı nəqliyyat körpüsü rolunu oynayır.
Daha sonra çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov bildirdi ki, ölkənin nəqliyyat sektorunda rəqəmsal transformasiya prioritet istiqamət kimi müəyyən edilib. O qeyd etdi ki, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal logistika platformalarının yaradılması və marşrutların səmərəliliyinin artırılması üzrə ciddi addımlar atılır. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda logistika sistemində yeni mərhələnin başlanğıcı olacaq.
Seminarda iştirak edən digər çıxışçılar: Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev, ABADA-nın nümayəndəsi Pərvin Quliyev və nəqliyyat eksperti Rauf Ağamirzəyev nəqliyyatın ölkə iqtisadiyyatında oynadığı rol barədə fikirlərini səsləndirdilər. Bildirildi ki, nəqliyyat sektoru təkcə malların və sərnişinlərin daşınmasını deyil, eyni zamanda ticarətin inkişafını, regionların iqtisadi inteqrasiyasını və beynəlxalq əməkdaşlığı təmin edən mühüm vasitədir.
Tanınmış şair və jurnalist Abil İslam isə öz çıxışında Ümummilli Lider Heydər Əliyevin ölkənin nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş siyasətini xatırladaraq, bu gün atılan hər bir uğurlu addımın həmin strategiyanın məntiqi davamı olduğunu vurğuladı.
Tədbirin sonunda seminar iştirakçıları vurğuladılar ki, Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əməkdaşlığının gələcəyi parlaqdır və bu əlaqələr regionda sabitliyin, rifahın və davamlı inkişafın əsas təminatçılarından biri olacaq. Həm dövlət, həm də özəl sektor səviyyəsində bu əməkdaşlığın dərinləşdirilməsi üçün konkret mexanizmlərin formalaşdırılması zərurəti qeyd olundu.
Seminar xatirə fotosunun çəkilməsi ilə başa çatdı.
Seçilən
0
sherg.az

1Mənbələr