"Amazon Web Services" (AWS) Çilidə ilk məlumat mərkəzlərini və bulud infrastrukturunu qurmaq üçün 4 milyard dollar sərmayə yatıracaq.
Valyuta.az xəbər verir ki, bu, şirkətin Braziliya və Meksikadan sonra Latın Amerikasında yaradacağı üçüncü bulud regionu olacaq və 2026-cı ilin ikinci yarısında istifadəyə veriləcək.
AWS-in Cənubi Latın Amerikası rəhbəri Xuan Pablo Esteves bildirib ki, layihə süni intellekt də daxil olmaqla, güclü hesablama imkanları təqdim edəcək və artıq bütün icazələr alınıb.
Mərkəzlərin soyudulması üçün su istifadəsi yalnız ilin 4%-i qədər olacaq, qalan vaxt isə hava və buxarlanma texnologiyalarından istifadə ediləcək. Şirkət 2023-cü ildən bəri enerjisini tam bərpa olunan mənbələrlə qarşılayır.
Məlumata görə, hazırda "Cencosud", "MercadoLibre" və bəzi mədən şirkətləri AWS xidmətlərindən istifadə edir. Şirkət Çili bazarının 2028-ci ilə qədər illik 20%-dən çox artacağını proqnozlaşdırır.
Sərvanə Rəmixanova