AZ

İlham Əliyevin Pakistanla bəzi sazişləri məhz indi təsdiqləməsi təsadüf deyil...


Abutalıb Səmədov: “Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi Pakistanın son illər ölkəmizə göstərdiyi dostluq, qardaşlıq münasibətini heç vaxt unutmur...”

Azərbaycanla Pakistan arasında sarsılmaz dostluq, əməkdaşlıq bağlarının olduğu məlumdur. Ölkəmizlə Pakistan arasında bütün sahələrdə çox sıx əməkdaşlıq əlaqələr mövcuddur.

Prezident İlham Əliyevin həm “Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun, həm də “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə imladadığı fərmanlar Azərbaycanla Pakistan arasında əlaqələrin, əməkdaşlığın daha da dərinləşməsinə xidmət edən məsələdir.

Əliyevin bu sazişləri məhz indi təsdiqləməsi Hindistanın təcavüzünə uğramış Pakistanla diplomatik həmrəyliyin daha bir ifadəsi sayıla bilər?

“Pakistana mənəvi, diplomatik dəstəyin ifadəsidir”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, 44 günlük İkinci Qarabağ Müharibəsi dövründə Azərbaycana birmənalı dəstək verən dövlətlərdən biri Pakistan olub: “Təsadüfi deyildi ki, həmin günlərdə evlərdən Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistan bayraqları da asılmışdı. Bu Pakistanın Azərbaycana verdiyi dəstək üçün göstərilən minnətdarlığın ifadəsi idi. İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə də müxtəlif sahələrdə Pakistanla olan əməkdaşlığımız davam etdi. Təbiidir ki, ilk növbədə hərbi sahədə baş tutan əməkdaşlıq Azərbaycanın əleyhdarlarını, düşmənlərini kifayət qədər narahat etdi. Dəfələrlə Azərbaycan hərbiçiləri ilə Pakistan və Türkiyə hərbiçilərinin birgə təlimləri keçirildi. Bu təlimlərə həm Ermənistan, nə qədər qəribə olsa da həm də İran çox kəskin münasibət bildirdi. Hətta Naxçıvanda keçirilən birinci təlimdən sonra İran Azərbaycan sərhəddində hərbi təlimlər keçirdi və açıq şəkildə bəyan etdi ki, bu təlimlər Pakistanla və Türkiyə ilə birgə keçirilən hərbi təlimlərə reaksiya olaraq təşkil olunub”.

Pakistanla müxtəlif sahələrdə əməkdaşlığımızın davam etdiyini deyən A.Səmədov bildirdi ki, Hindistanda baş verən terror aktı Hindistanla Pakistan arasında çox ciddi gərginlik yaratdı. “Hindistanın Pahalqan şəhərində baş verən terror aktına görə Hindistan Pakistanı günahlandırdı və iddia etdi ki, guya həmin terror aktının həyata keçirilməsində iki Pakistan vətəndaşı iştirak edib. Pahalqan Hindistanın turizm mərkəzlərindən biridir və qiliminə görə İsveçrəyə bənzədilir, “mini İsveçrə” də adlandırılır. 22 aprel 2025-ci ildə orda baş verən terror aktı nəticəsində 26 nəfər həlak olub. Hindistan Pakistanı günahlandırd, Pakistan tələb etdi ki, beynəlxalq komissiya yaradılsın və məsələ obyektiv şəkildə araşdırılsın, terror aktını kimin təşkil etdiyi üzə çıxarılsın. Ancaq Hindistan bütün bunlara əhəmiyyət verməyərək Pakistana qarşı cəza tədbirləri görəcəyini dedi və mayın 6-dan 7-nə keçən gecə Pakistan ərazisinə raket zərbələri endirdi. Əvvəlcədən də bunu proqnozlaşdırmaq mümkün idi. Çünki bundan əvvəl də bu cür hadisələr zamanı ölkələr bir-birinə qarşılıqlı raket zərbələri endirmişdilər. bu zərbələr nəticəsində 26 pakistanlı həlak oldu, xeyli dinc insan yaralandı. Pakistan elan etdi ki, Hindistanın bu addımı cavabsız qalmayacaq. Baxmayaraq ki, dərhal Hindistan ərazinə zərbələr endirmişdi və bu zərbələr nəticəsində ölənlər olmuşdu. Ancaq yenə də Pakistana baş tutan bu hücumun cavabsız qalamayacağını Pakistan bəyan etdi. Onu da bəyan etdi ki, Hindistanın həyata keçirdiyi “Sindur” əməliyyatına cavab olaraq havaya qaldırılan Pakistan qırıcıları beş Hindistan təyyarəsini vurub salmağa nail oldublar. Hindistan da öz növbəsində elan etdi ki, guya zərbələr terrorçuların düşərgələrinə endirilib və öldürülənlər də terrorçulardır.

Çox təəssüf ki, bu cür davranış müasir dünyamız üçün xarakterikdir. Bundan əvvəl İranla İsrail arasında qarşılıqlı raket zərbələri həyata keçirilmişdi və bu zərbələr zamanı xeyli insan zərər çəkmişdi. İndi də Hindistanla Pakistan arasında eyni ssenari əsasında qarşılıqlı zərbələr baş tutdu. Hərçənd ki, Pakistan yalnız cavab zərbələri endirdi və özünü qorumağa cəhd göstərdi. Ancaq eyni zamanda Pakistan rəsmiləri onu da elan etdilər ki, Hindistanın dinc insanlara qarşı bu raket hücumu cavabsız qalmayacaqdır. Məhz elə bu günlərdə Azərbaycan Prezidenti Pakistanla imzalanmış iki sazişi təsdiq etmək barədə fərman imzaladı. Biri kənd təsərrüfatı, digəri gömrük sahəsində əməkdaşlığı inkişaf etdirməyə xidmət edən sazişlərdir. Təbii ki, Azərbaycan ABŞ, Çin kimi böyük dövlətlərdən deyil ki, bu addım baş verən proseslərə ciddi şəkildə təsir göstərə bilsin. Baxmayaraq ki, hətta onların bu addımları, verdikləri bəyanatlar qarşılıqlı raket zərbələri endirmək istəyən dövlətləri bu addımlardan çəkindirmir. Nə İran İsrail qarşıdurması zamanı ABŞ-ın və Çİn-in səsləndirdiyi bəyanatlar onları bu addımlardan çəkindirdi, nə də Hindistan Pakistan arasında gərginliyin baş verdiyi ərəfədə dünyanın böyük dövlətlərinin çağrışları Hindistana heç bir təsir göstərdi.

Təbiidir ki, Azərbaycan Prezidentinin imzaladığıiki fərmanla bu razılaşmaların təsdiq olunması Azərbaycanın Pakistanın yanında olduğunu göstərən, onunla qardaşlığını xatırlatmağa yönələn bir addımdır. Pakistana mənəvi, diplomatik dəstəyin ifadəsidir. Bu addım bir daha göstərdi ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi Pakistanın son illər ölkəmizə göstərdiyi dostluq, qardaşlıq münasibətini heç vaxt unutmur, ən çətin məqamlarda onun yanında olduğunu açıq şəkildə bəyan etməkdən çəkinmir”.

A.Səmədov sonda təəssüflə qeyd etdi ki, ancaq dünyada bu cür güc nümayişləri günü-gündən armaqdadır və İkinci Dünya Müharibəsinin başa çatmasından sonra keçən 80 il dövlətlərə heç nə öyrətməyib, Üçüncü Dünya müharibəsinin baş verəcəyi barədə fikirlər, iddialar həm Avrova da, həm də ABŞ-da tez-tez səslənməkdədir. A.Səmədovun sözlərinə görə, Ukraynada baş verən müharibə, dinc insanların qırılması, qarşılıqlı itkilərin milyonları keçməsi dünyaya heç nə öyrətməyib, ən qısa anlaşılmazlıq, ən xırda insident zamanı da dövlətlər bir-birilərinə qarşı o cür vəhşi üsullara əl atırlar və son nəticədə dinc insanlar zərər çəkir.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr