
“Microsoft” yenilənmiş “Surface Laptop” (13 düym) və “Surface Pro” planşetini (12 düym) elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tom's Hardware” (TH) məlumat yayıb.
Yeni məhsulların əsas xüsusiyyəti səkkiz nüvəli “Qualcomm Snapdragon X Plus” prosessorlarının istifadəsidir ki, bu da onları yeni “Copilot Plus PC” ekosisteminin bir hissəsi edir.
Pərakəndə satış imkanı mayın 20-nə planlaşdırılıb, biznes versiyaları isə iyulun 22-dən etibarən mövcud olacaq.
12 düymlük “Surface Pro”nun qiyməti 256 GB SSD-li versiya üçün 799 dollardan (1 300 manat - red.) başlayır.
Cihaz bir neçə rəngdə təklif olunacaq: platin, bənövşəyi və tünd göy (“okean”).
“Microsoft” yeni “Surface Laptop”un əvvəlki modellərə nisbətən əhəmiyyətli performans artımı təmin etdiyini iddia edir. Şirkət iddia edir ki, “Snapdragon X Plus” ilə təchiz edilmiş versiya “Surface Laptop 5”dən 50% sürətlidir və hətta “MacBook Air M3”dən də üstündür.
Qeyd etmək vacibdir ki, “Surface Laptop 5” 12-ci nəsil “Intel” prosessorlarından istifadə edir, indiki “MacBook Air” isə M4 çipi ilə təchiz olunub. Planşetdən fərqli olaraq, noutbukda fan ilə aktiv soyutma sistemindən istifadə edilir.