Ankara, 7 may, AZƏRTAC
2024-cü ildə Türkiyə iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyalar 14,1 milyard ABŞ dolları təşkil edib ki, bu da 383 layihə çərçivəsində 51,4 mindən çox yeni iş yerinin açılmasını təmin edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin 2024–2028-ci illər üçün Birbaşa Xarici İnvestisiyalar Strategiyasının reallaşdırılması çərçivəsində açıqladığı hesabatda qeyd olunub.
Administrasiyanın məlumatına görə, ötən il Türkiyəyə yönəldilən birbaşa xarici investisiyaların ən böyük hissəsi, təxminən 1,85 milyard dollar bərpaolunan enerji mənbələri sektoruna yatırılıb. Eyni zamanda, avtomobil sənayesi, ərzaq sənayesi və maşınqayırma sahələrinə də əhəmiyyətli həcmdə sərmayələr qoyulub.
Ölkələr baxımından ən çox birbaşa investisiya Almaniyadan gəlib (3,3 milyard dollar dəyərində 67 layihə). İlk üçlükdə Çin və ABŞ da yer alıb.
Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin rəhbəri Ahmet Burak Dadlıoğlu xarici investorların Türkiyənin bərpaolunan enerji sektoruna artan marağına diqqət çəkib. “Ölkəmiz “yaşıl” və rəqəmsal transformasiyaya, eləcə də yüksək texnologiyalı məhsul istehsalının artırılmasına yönəlib. Hesabat Türkiyənin investisiya mühitinin getdikcə daha cəlbedici olduğunu göstərir”, – deyə o bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara