Bunu Demokrat.az-a açıqlamasında qida üzrə ekspert Asim Vəli deyib.
O bildirib ki, şadlıq evlərində ən çox bu qidalara diqqət etmək lazımdır:

“Ən çox zəhərlənmə riski daşıyan məhsullar sırasında mayonezli salatlar, qaynadılmış yumurta tərkibli qidalar, kremlə bəzədilmiş tortlar, balıq və digər tez xarab olan ət məhsulları xüsusi yer tutur. Bu qidalar temperatur rejiminə həssasdır və düzgün şəraitdə saxlanmadıqda bakteriyalar üçün əlverişli mühit yaradır. Xüsusilə isti aylarda yeməklərin uzun müddət açıq məkanda saxlanılması riskləri artırır”.
Ekspertin sözlərinə görə, şadlıq evlərində diqqət yetirilməli əsas məqamlar mətbəx gigiyenası, təmiz su istifadəsi, soyuducu və istilik sistemlərinin işlək vəziyyətdə olması, istifadə edilən xammalın keyfiyyəti və istifadə müddətidir:
“Zəhərlənmə riskindən qorunmaq üçün təşkilatçılar və aşpazlar məhsulların hazırlanmasında sanitar normalara ciddi əməl etməli, işçi heyətinin sağlamlıq yoxlanışları təmin olunmalıdır. Yeməklər təqdim olunmadan əvvəl onların temperaturu və görünüşü yoxlanmalı, soyuducu şərait tələb edən məhsullar (məsələn, salatlar və tortlar) istifadə olunana qədər mütləq soyuqda saxlanmalıdır.
Toy iştirakçıları da diqqətli olmalıdır. Qidanın qoxusu, rəngi, dadı dəyişibsə və ya normadan artıq turş, acı və ya köpüklü görünürsə, onun istehlak olunmaması tövsiyə olunur. Çiy tərəvəzlərin, meyvələrin yuyulmasına və süfrəyə təqdimatına da diqqət yetirilməlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az