AZ

5 min “kraliça qarışqa” ilə yaxalandılar

Tutulan 4 gənc“bioloji quldurluq” ittihamı ilə məsuliyyətə cəlb olunublar 

Şərqi Afrika ölkəsi Keniyada qəribə məhkəmə prosesi keçirilib. 4 gənc aralarında “kraliça qarışqalar”ın da olduğu minlərlə qarışqanı ölkədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etdiklərinə görə həbs ediliblər. Həbs edilənlərdən ikisi belçikalıdır. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, hadisə Keniya Vəhşi Təbiəti Mühafizə Xidmətinin dörd müttəhimi “biopiratlıq”da ittiham etməsindən sonra gündəmə gəlib. 18 yaşlı belçikalı David Lornoy və Seppe Ludvix, vyetnamlı Duh Hung Nguyen və keniyalı Dennis Nqanqa qarışqalara sahib olduqlarını etiraf ediblər, lakin onları qaçaqmalçılıq yolu ilə ələ keçirdikləri ittihamını rədd ediblər. Lornoy və Ludvik paytaxt Nayrobidən təxminən 100 mil uzaqlıqdakı Nakuru bölgəsində 2244 boruda 5000 kraliça qarışqa ilə tutuldu. AFP xəbər agentliyinin gördüyü sənədə görə, digər iki müttəhim 140 şprisdə qarışqalarla tutulub. İki iş ayrı olsa da, dörd müttəhim bir yerdə mühakimə olunub.



 
 Məhkəmə qərarına görə, Lornoy "qarışqa həvəskarı"dır, Belçikadakı evində də qarışqa "koloniyaları" var və feysbukda "Ants and Ant Looking" qrupunun üzvüdür. Lornoy qarışqaların daşınmasının qanunsuz olduğunu bilmədiyini deyib. Polis belçikalı gənclərin yanında tapılan qarışqaların dəyərinin 7740 dollar olduğunu bildirib. Qaçaqmalçılıq yolu ilə gətirilməyə cəhd edilən qarışqalar arasında nadir “Messor sefalotes” növü də var. Bu cinsdən olan tək bir kraliça qarışqasının ən azı 99 dollar dəyərində olduğu bildirilib. Keniyada icazəsiz hər hansı vəhşi təbiət nümunəsinə və ya oxşar canlıya və ya obyektə sahib olmaq cinayətdir. Bu cinayətdə şübhəli bilinənlər təqsirli bilinərsə, onları 10 min dollara qədər cərimə və ya minimum beş il həbs cəzası gözləyir. 


Məhkəmə dörd müttəhimin 7740 ABŞ dolları məbləğində cərimə ödəməli olduğu, cəriməni ödəyə bilmədikləri təqdirdə isə bir il həbs cəzası alacaqları barədə qərar çıxarıb. Məhkəmə belçikalı gənclərin Lornoy və Seppenin "tipik brakonyerlər" olmadığını və qanundan xəbərsiz olduqlarını qeyd edib. Digər tərəfdən, məhkəmənin qərarı Afrikanın müstəmləkə keçmişinə istinad edərək, bu ssenarinin "əsrlər əvvəl Afrikanın resurslarının Qərb, indi isə Şərq tərəfindən talan edildiyi zaman oynandığını" qeyd edib. 


Məhkəmənin qərarında qeyd edilib ki, müttəhimlər “qarışqaları nadir həşərat növlərinə tələbatın yüksək olduğu Avropa və Asiyada yüksək qiymətli ekzotik heyvan bazarlarına qaçaqmalçılıq yolu ilə keçirmək istəyiblər”.

Seçilən
0
sherg.az

1Mənbələr