Yekaterinburq, 7 may, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın Baş Konsulluğunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş fotosərgi və tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Yekaterinburq” Kitabxana Mərkəzində baş tutan tədbirdə Baş Konsulluğun əməkdaşları, yerli diaspor nümayəndələri, eləcə də şəhərdə yaşayan və təhsil alan tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edən Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin Sverdlovsk vilayəti üzrə nümayəndəsi Fəridə Boyliyeva və Ural Federal Universitetinin IV kurs tələbəsi Mütəllim Umudov Ümummilli Liderin şərəfli ömür yolu, Azərbaycanın diaspor siyasəti, təhsil və gənclərlə bağlı yanaşmalarından bəhs ediblər.
Tədbir çərçivəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən çəkilmiş “Heydər Əliyev 100. Xatirələrdə yaşayan…” sənədli filmi nümayiş olunub. Ardınca iştirakçılar 2023-cü ilin mayında Baş Konsulluğun təşəbbüsü ilə yenilənmiş “Azərbaycan guşəsi” ilə tanış olub, mədəniyyətimizə göstərilən diqqətdən razılıqlarını bildiriblər.
Onlar kitabxanada gənclərin iştirakı ilə müxtəlif tədbirlərin təşkili imkanlarını da kitabxana rəhbərliyi ilə müzakirə ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq