BAKI. 7 may. TELEQRAF
Karate üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda bu gün start götürən Avropa çempionatında iştirak etməməsinin səbəbi müəyyənləşib.
Bu barədə Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev Teleqraf-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən dövlət səviyyəsində Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinə heç bir təminat verilməyib: "Dünya Karate Federasiyasının prezidenti Antonio Espinoz həm də Avropa Karate Federasiyasının prezidentidir. Onun özü qitə çempionatından öncə bizdən soruşdu ki, niyə iştirak etməyəcəksiniz? Biz də ona cavab verdik ki, Avropa çempionatı kimi yarışda iştirakdan imtina edə bilmərik. Lakin əfsuslar olsun ki, o ölkədə dövlət səviyyəsində heç kim təminat vermədi. Hətta Ermənistan Karate Federasiyasının prezidentinin (Vazgen Arutyunyan - red.) özü də dövlət səviyyəsində təminat verə bilmədiklərini söylədi. İki il əvvəl İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində bayrağımızı yandırmışdılar. Hansı təminatı vermək olardı ki, orada karateçimizin də başına bir iş gəlməyəcəyək? Kim bilir ki, orada avtobusdan düşəndə yaxınlaşıb nə edəcəklər? Bir hadisə olsaydı, kim cavabdehlik daşıyacaqdı"?
Musayev Avropa çempionatında iştirak edə bilməmələrindən təəssüfləndiklərini də dilə gətirib: "Heyətimizdə lider karateçilər var. İrina Zaretska dəfələrlə Avropa və dünya çempionu olub. Bir neçə idmançımızdan nəticə gözləyirdik. Əfsuslar olsun ki, məlum məsələ ilə əlaqədar komandamızın orada iştirakı mümkün deyildi".
Xatırladaq ki, mayın 11-dək davam edəcək Avropa çempionatında 54 ölkədən 1000-dək karateçi mübarizə aparacaq. Türkiyə millisi yarışa 73 nəfərlik heyətlə yollanıb.