BAKI, 7 may. TELEQRAF
Azərbaycan həkimləri müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunurlar. Bu, həm ölkəni, onun səhiyyəsinin imkanlarını, doktorlarını tanıtmaq, həm də təcrübə mübadiləsi aparmaq, əlaqələr qurmaq baxımından çox vacibdir. Ötən günlərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində aralarında Azərbaycan həkimlərinin olduğu 7 dövlətin tibbi işçiləri bir araya gəlib, müzakirələr aparıblar. Mərkəzi və Qərbi Asiya qulaq, burun, boğaz və baş boyun cərrahiyyəsi Birliyinin keçmiş Baş katibi, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, otorinolarinqoloq, dosent Ramil Həşimli də tədbirə qatılıb.
“Teleqraf” İnformasiya Agentliyinin əməkdaşı həmin müzakirələr, təşkilatın gələcək planları, eyni zamanda səhiyyə sahəsində olan problemlər, həkimlərdən narazılıq və s. məsələlərlə bağlı doktor Ramil Həşimli ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik.
- Bişkekdə Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyinin 4-cü konqresinin hazırlıq prosesində olmusunuz. Buradan başlayaq. Bu birlik nə vaxt qurulub, hansı ölkələrin həkimlərini əhatə edir, məqsəd və hədəfləri nədir?
- Təşkilatı ilkin olaraq Türk dövlətləri qulaq-burun-boğaz və baş-boyun cərrahlarının birliyi kimi qurmağı hədəfləmişdik. Sadəcə olaraq, coğrafi baxımdan birliyə bu adı uyğun görmədik. Çünki bu halda Tacikistan kimi işin əvvəlindən bizimlə bərabər olan ölkə həkimləri kənarda qalırdı. Müzakirələrdən sonra birliyin adını Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi - CWASOS qoyduq. Hazırda yeddi ölkə birliyin üzvüdür: Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan. Gələcəkdə Cənubi Qafqaz ölkələrinin, xüsusən də, Gürcüstanın birliyə üzv olması planlaşdırılır. Hətta bəlkə uzaq gələcəkdə bütün siyasi proseslər həll edildikdən və tam sülh əldə olunduqdan sonra Ermənistan da bu təşkilata üzv ola bilər. Bu fəaliyyətlərə 2011-ci ildə start vermişdik, ilk olaraq 2012-ci ildə Yaxın Avrasiya Afrika Qulaq-boğaz-burun Cərrahları Cəmiyyəti adlı bir təşkilat quruldu və 2014-cü ildə bu cəmiyyətin ilk konqresini Bakıda keçirdik. Ünsiyyətimizi davam etdirməklə 2019-cu ilin aprelində Özbəkistanda 6 ölkə otorinolarinqologiya cəmiyyətləri təmsilçilərinin iştirakı ilə ortaq çalışma memorandum imzalandı. Həmin ilin noyabrında isə Türkiyədə qulaq-burun-boğaz və baş boyun cərrahiyyəsi konqresi zamanı yenə eyni cəmiyyət təmsilçilərinin ortaq qərarı ilə Mərkəzi və Qərbi Asiya Qulaq-burun-boğaz və Baş-boyun Cərrahiyyəsi Birliyi quruldu.
Məqsəd gənc həkimlərə dəstəkdir
- Bəs məqsəd nə idi?
- Hədəfimiz bu coğrafiyadakı qulaq-burun-boğaz cərrahları, həkimlər üçün öyrədici kurslar, konfranslar, konqreslər keçirməklə davamlı tibbi təhsil konsepsiyasını həyata keçirmək idi. Daha çox gənc həkimlərin təhsilinə töhvələr vermək məqsədi güdürdük. Birliyin ilk sədri Qırğızıstan Otorinolarinqologiya Cəmiyyətinin sədri professor Vadim Nasırov, Baş katibi isə mən seçildim və dörd il bu vəzifəni icra etdikdən sonra, İdarə Heyəti dəyişdi. Hazırda mən İdarə Heyətinin üzvüyəm.
- Azərbaycanın bu birlikdə hansı önəmli rolu var?
- Düşünürəm ki, Azərbaycanın ümumiyyətlə türk dünyası arasında bir körpü vəzifəsi var və biz də qulaq-burun-boğaz həkimləri olaraq bu vəzifəni icra edirik. Bu coğrafiyada ümumi bir bağ qurulmasında Azərbaycanın böyük rolu danılmazdır. Məsələn, ünsiyyət vasitəsi - illərlə iclaslarda Türkiyəli həkimlərlə Orta Asiyalı həkimlər arasında tərcüməçilik etmişik. Özümüzü, türk kimliyimizi ortaya çıxarmaqda, Orta Asiya Türk dövlətlərinin özlərini bizdən biri kimi hiss etmələrində də rolumuz var.
- İndiyə kimi hansı böyük elmi tədbirləri keçirmisiniz və planlaşdırılan Bişkek konqresində hansı mövzulara toxunulacaq, hansı problemləri müzakirə edəcəksiniz?
- Artıq birliyin 3 konqresi olub. İlk konqres 2022-ci ildə Azərbaycanda, sonra Qazaxıstan və Türkiyədə keçirilib. İstanbuldakı 3-cü konqres Balkan Ölkələri Otorinolarinqologiya Birliyi ilə birgə təşkil olunmuşdu ki, bu da həkimlərimizin inteqrasiyasında böyük rol oynayıb. 4-cü konqres bu il iyunun 27-29-da Qırğızıstanda olacaq. Orada 75 nəfər məruzə edəcək. Onların mütləq əksəriyyəti CWASOS üzvləridir. Bundan əlavə Almaniya, Ukrayna, və Polşadan da 4 nəfər məruzəçimiz olacaq. Gənc tədqiqatçılarımız üçün ayrıca elmi panel də proqrama salınıb.
- Konqres hər il keçirilir?
- Artıq 4-cü konqresin keçirilməsi nəzərdə tutulur və dövrlü olaraq hər il bir ölkədə təşkil edilir. Gələn il İstanbulda dünya qulaq-burun-boğaz konqresi olacaq. CWASOS həmin tədbirdə aktiv iştirakı planlaşdırır. Ona görə də birliyin 5-ci konqresinin 2027-ci ildə Tacikistanda keçirilməsi barədə qərar verilib. Bilirsiniz, bu birlik tibbi bir cəmiyyət olsa da, eyni zamanda regional bir siyasətdə rolu da var. Məqsəd həm də ölkələrimizi təmsil etmək, bir-birimizə yaxından tanıtmaqdır. Sizə adi bir misal deyim: bir neçə il öncə Qazaxıstandan klinikamıza kursa bir xanım həkim gəlmişdi. Mən ailəmlə Sumqayıtda yaşayırdım və oteldə deyil də bizdə qalmasının daha rahat olacağı qərarı aldıq və 2 həftə boyunca əlimizdən gəldikcə ailəlikcə dəstək olmağa çalışdıq. Kursu bitirib geri qayıtdıqdan sonra Sumqayıtda böyük bir yanğın olmuşdu. Həmin gecə Gülnur xanımdan “sizin orda vəziyyət necədir, nə yalan söyləyim, əvvəllər heç maraqlanmazdım, amma indi Azərbaycan haqqında hər xəbəri diqqətlə izləyirəm” məzmunlu bir mesaj aldıq. Bu misal birlik daxili fəaliyyətlərin önəminə bir vurğu edir. Bir həkim kimi tək tibbi deyil, eyni zamanda sosial vəzifəmiz də var ki, buna həm də ölkəmizi tanıtmaq da daxildir. Təəssüflə qeyd etməliyəm ki, müxtəlif xarici ölkələrdə tədbirlərdə olan zaman ölkəmiz haqda elementar coğrafi məlumatı olmayan əcnəbi həkimlərin bizə qondarma erməni soyqırımından danışdıqlarının şahidi olmuşuq. Bu isə erməni təbliğatının nə qədər güclü olduğunun göstəricisidir. Biz həkimlər də burda əlimizi daşın altına qoymalı, əlimizdən gələni etməliyik ki, ölkəmiz haqqında müsbət fikir formalaşdıra bilək.
COVID-19-dən sonra xəstəliklər proqressivləşib
- Ramil bəy, bir az da xəstəliklərdən danışaq. Son illərdə uşaqlarda qulaq-burun-boğaz problemlərinin artdığı müşahidə edilir. Bununla razısınızmı?
- Bəli, təəssüf ki belədir. Xüsusən, koronavirus (COVID-19) pandemiyasından sonra əvvəllər yüngül keçən xəstəliklər artıq daha proqressivləşib. Yəqin ki, bunun əsas səbəbi hələ ki, tam kollektiv immunitetimizin formalaşmadığına bağlı ola bilər.
- Daha çox hansı problemlər meydana çıxıb?
- Məsələn, eksudativ otit deyilən bir xəstəlik var. Sadə dillə orta qulaqda maye toplanması kimi tanıda bilərik. Bu, daha çox adenoid (burun əti) problemləri olan uşaqlarda müşahidə edilirdisə, indi böyüklərdə də çox rast gəlirik. Müalicəsi aylarla davam edir, müalicəyə pis tabe olur. Və ya, hələ də qoxubilmə və dadbilmə problemləri davam edən xəstələr görürük. Xəstəliklərdən sonra uzun müddətli quru öskürək qalır. Bunların hamısı COVID-19-un qalıcı fəsadlarıdır. Uşaqlarda damaq badamcığı (boğaz əti) problemi də artıb.
- Uşağı lor həkimə aparanda da biri deyir anginanı kəsdirməlisən, biri deyir, toxunma...
- Bilirsiniz, hər əməliyyatın göstərişi var. Uşaq il ərzində 3-4 dəfə əsl angina ilə xəstələnirsə, əməliyyat vacibdir.
Virus infeksiyası ilə anginanı dəyişik salırıq
- Əsl angina nədir o zaman?
- Adi virus infeksiyasını çox vaxt əsl angina ilə dəyişik salırıq. Xəstənin temperaturu 38-39 dərəcəyə qədər qalxırsa, boğaz əti şişib, qızarır, üstündə ağ və ya sarımtıl ərp olursa və qızdırma bir neçə gün davam edirsə, bu, əsl anginadır. Uşaq il ərzində 3-4 dəfə bu cür xəstələnirsə, bu, əməliyyata göstərişdir.
- Soyuq su içmək uşaqda anginaya səbəb olurmu?
- Dağ kəndlərində yaşayan uşaqlar var ki, həmişə bulaq suyu içirlər. Uşaqlıqdan soyuq su içməyə alışan uşaqlarda heç bir problem yaranmır. Bəzi valideynlər isə uşağa həmişə qaynanmış, ilıq su içirdir. Bu uşaqlarda problemlər yarana bilir. Biz anginanın müalicəsində bəzən dondurma yeməyi məsləhət görürük.
- Badamcıqların kəsilməsinin sonradan hansısa fəsadları olurmu?
Kaş ki, saxlaya bilsək. Çünki badamcıqlar immunitetdə iştirak edirlər. Amma əməliyyata göstəriş varsa, mütləq edilməlidir. Əməliyyatdan sonra gələcəkdə atrofik faringit yarana bilər.
Abşeron yarımadası allergiya üçün münbit yerdir
- Uşaqlarda allergiya da çoxalıb. Bunun əsas səbəbləri nələrdir?
- Təəssüf ki, bəli. Ümumiyyətlə, Abşeron yarımadası allergiya üçün münbit bir yerdir. Yarımada, yarımsəhra, və dənizlə əhatə olunub. Havada tozlanma da çoxdur. Bir ehtimal da, qidalanma ilə bağlıdır. Ev heyvanları saxlamasının artmasının da rolu var. Bu da allergiyaya təsir edir. Məsələn, pişik çox allergendi. Amma təbii ki, hamı üçün yox.
- Doktor, bayaq COVID-19-dan danışdıq, bayaqdan fikrimdən çıxmır, pandemiya ərəfəsində qəribə bir inanc yaranmışdı...
- Siqaret çəkənlər xəstələnmir, hə?
- Bəli...
- Hə, mən bunu hətta həkimlərdən də eşitmişdim. Siqaret çəkən həkimlərimiz xəstələnmədiklərini deyirdilər. Amma mən siqaret çəkmirəm və mən də xəstələnmədim. Mənim əsas işim səs problemlərini müalicə etməkdir, ona görə də, siqaret bizim ilk düşmənimizdir. Hər halda, siqaret məsələsi batil inanc kimi oldu.
Uşağı çöpçülərdə böyüyən lor həkimlər var
- Batil inanc dediniz, çöpçülər yadıma düşdü. Bu yaxınlarda səhiyyə nazirliyinin canlı yayımında cərrah demişdi ki, nə hikmətdirsə, ancaq çöpçüyə inanan valideynlərin uşaqlarının “çöpü qalır”. Siz çöpçülər haqqında nə düşünürsünüz?
- Mənim tanıdığım lor həkim var, uşağı çöpçülərdə böyüyüb deyə bilərik. Çöpçü neynəyir? – çöpçü boğazda, burunda, “gəniz” dediyimiz hissədə ciblərdə qalan yad cisimləri çıxardır. Amma həqiqətən çıxardırlarmı? – məsələ budur. Təəssüf ki, xəstələrimiz həkimə yox, çöpçüyə gedirlər. Çöpçü üfürməklə o yad cismi aşağı tənəffüs yollarına sala bilər. Hətta uşaq boğula bilər. Bir neçə il öncə bir italyan həkimin mənfi təzyiqlə yad cismi çıxarma videosu yayılmışdı. Yəni, bu üsulla yad cismi çıxarmaq mümkündür. Amma çöpçü doğrudanmı bunu düzgün edir? Bunu araşdırmaq lazımdır. Bu qədər çöpçü var. Bəlkə də hansısa bu işi doğru görür. Amma heç bir həkim çıxıb bunu araşdırmayıb.
- Dünya praktikasında “çöpçü” yoxdur?
- Belə görünür ki, bizdən başqa heç bir yerdə çöpçü yoxdur. Bu gün həkimlərimizin əlində hər cür alətlər var, tibb inkişaf edir, amma təəssüf ki, valideyn uşağını həkimə yox, çöpçüyə aparır.
- Bəs niyə valideynlər həkimdən çox çöpçüyə güvənir?
- Təəssüf ki, belədir. Burada həkimlər qədər xəstələrin özlərinin də günahı var. Bizim cəmiyyətimiz niyəsə həkimləri və müəllimləri düşmən kimi görür. Bu gün elə adamlar var ki, adi qan analizi üçün bilet alıb, təyyarə ilə xaricə uçur, gedib orda klinikada analiz verirlər. Hansı ki, həmin analizlər Azərbaycanda da yüksək səviyyəli icra edilir. Pandemiya oldu. Hər yer qapandı. Nə baş verdi? Hamı bizim həkimlərin ümidinə qaldı...
Həkimdən mediaya sitəm
- Ramil bəy, həkimlər haqqında mənfi rəyin formalaşmasında sizcə, medianın rolu varmı?
- Əlbəttə, həkimlər haqqında mənfi rəyin formalaşmasında medianın rolu nəinki var, hətta deyərdim böyük rolu var. Hazırda sosial mediaya nəzarət mexanizmləri yoxdur və acınacaqlı bir vəziyyət yaranır. Söz azadlığını qısıtlamadan normal bir senzura olmalıdır. Bəzən elə xəbərlər yazıb, məlumatlar yayırlar ki, cəmiyyətdə xaos yaranır.
- Yeri gəlmişkən, sizcə, yeni pandemiyalar olma ehtimalı varmı?
- Ümid edək ki, olmayacaq, amma hər zaman belə bir ehtimal var.
- Bəs Azərbaycan səhiyyəsi yeni pandemiya ehtimalına, riskinə hazırdırmı?
- Ümid edirəm ki, COVID-19 pandemiyasından lazımi dərs çıxartdıq deyib susmaq istəyirəm. Ümumiyyətlə, tək biz yox, bütün dünyanın bu pandemiyanın nəticələrindən dərs çıxardığına ümid edirəm.
- Doktor, COVID-19-dan sonra vertigo xəstəliyinin də artdığı deyilir, bu fikirlə razısınız?
- Bununla tam razı deyiləm. Çünki bu xəstəlik əvvəllər də vardı, sadəcə son dövrlərdə diaqnostika olunmağa başladı deyə, belə bir mənzərə yaranıb ki, xəstəlik artıb. COVID-dən sonra xüsusilə artdığı barədə hansısa bir araşdırma yoxdur. Ölkəmizdə artıq bu xəstəliyin müayinə üsulları var. Müayinə ilə bunun qulaqla, yoxsa başqa orqanlarla əlaqəli olduğunu müəyyənləşdirə bilirik. Bəzən xəstələr səhv müalicə alırlar, mütəxəssisə çox gec müraciət edirlər. Bu halda ağırlaşmalar müşahidə olunur. Hər bir xəstəlik zamanı vaxtında diaqnostika və düzgün müalicə mütləqdir. Hər bir səhv yanaşmanın gələcəkdə ciddi fəsadları meydana çıxır.
Hamiləlik dövründə qəbul edilən dərmanlar lal-karlıq yarada bilər
- Doktor, bəs hamilə qadınlarda hansısa qulaq-burun-boğaz problemləri gələcəkdə doğulacaq körpəyə mənfi təsirlər edə bilirmi?
- Hamilə qadının daha çox hansısa xəstəlik zamanı aldığı müalicə dölə mənfi təsir edə bilir. Buna görə də, hamilələrə tövsiyyə edirik ki, hansısa müalicə alanda mütləq ginekoloqla məsləhətləşsin. Məsələn, anadangəlmə lal-karlığın səbəbləri arasında hamiləlik dövründə qəbul edilmiş dərmanların da rolu var.
- Azərbaycanda lor ixtisasına yiyələnmək üçün rezidentura təhsili haqqında da danışaq...
- Azərbaycanda rezidenturada lor ixtisasına yiyələnmək müddəti dörd ildir. Dörd il bir rezidentin yetişməsi üçün kifayət edir. Mən özümü öz rezidentlərimə etibar edərəm. Özüm burada olmayanda xəstələrimi əminliklə rezidentlərimə yönəldirəm.
- Ramil bəy, bizdə rezidentura təhsili almaq yaxşı həkim olmağa kifayət edir deyirsiniz...
- Həkim ömrü boyu özünü inkişaf etdirməli, təhsilini davam etdirməlidir. Səhiyyə günbəgün inkişaf edir. Dövrün tələblərinə uyğunlaşmaq, yeniliklərdən xəbərdar olmaq üçün həkim daim özünü inkişaf etdirməlidir. Bu gün tibb kifayət qədər inkişaf edib. Ölkəmizdə də səhiyyə sistemi müasir tələblərə cavab verir. Səhiyyə, həkim, tibbi xidmətlər artıq demək olar ki, hər kəs üçün əlçatandır. Rezident həkimlər də təhsilləri müddətində ixtisaslarının əsaslarına yiyələnməklə bərabər professional həyatları boyu öyrənməyə davam etməyə məcburdurlar!
- İcbari Tibbi Sığortanın xidmətlər zərfi genişləndirilir. Bəs sizin sahənizdə bura daxil edilməmiş hansısa xəstəlik varmı?
- İcbari Tibbi Sığorta əhali üçün səhiyyəni əlçatan etdi. Qulaq-burun-boğaz xəstəliklərinin əksəriyyəti də bura daxildir. Mən səs mütəxəssisiyəm. Bu sahədə xidmətlər zərfinə daxil edilməmiş bəzi problemlər var.
Ən çox evdar qadınların səsində problem olur
- Azərbaycanda ilk dəfə olaraq incə səsli kişi xəstəyə "səs qalınlaşdırma" əməliyyatını da siz icra etmisiniz. Bu sahədə təcrübənizdə səs problemi ən çox kimlərdə rast gəlinir?
- Ölkəmizdə bu işlə məşğul olan çox az sayda mütəxəssis var. Ona görə bu xəstələrlə çox rastlaşıram. Səs tellərində olan problem əsasən səsdən yanlış istifadə nəticəsində meydana çıxır. Bu problemlərin ancaq müğənnilərdə olduğu barədə yanlış bir fikir var. Statistikaya görə, səs probleminə ən çox evdar qadınlar arasında rast gəlinir. İlkin səbəb səsdən düzgün istifadə etməməkdir. İkinci səbəb həddən artıq çox siqaret çəkməkdir. Digər bir səbəb isə mədə turşusunun boğaza qalxmasıdır.
Lor cərrahların estetik əməliyyata tam səlahiyyəti var
- Son olaraq məşhur plastik cərrahlar məsələsinə də toxunaq. Plastik cərrahların siyahısında lor cərrahların adı yoxdur. Maraqlıdır, lor cərrahların plastik-estetik əməliyyatlar icra etmək səlahiyəti varmı?
- Orada məsələ plastik cərrahiyyə idi. İxtisası, sənədi olmadan plastik cərrahiyyə ilə məşğul olan şəxslər vardı. Belə deyək, plastik əməliyyatların hər biri ilkin olaraq rekonstruktiv əməliyyatlar olub. Plastik əməliyyatlar ən çox müharibələrdən sonra vüsət alıb. Yəni, bu gün “plastik cərrahiyyə” adlandırığımız bu sahə rekonstuktiv-estetik-plastik cərrahiyyədir. Qulaq-burun-boğaz sahəsində olan funksional-estetik-rekonstruktiv-plastik əməliyyatları əlbəttə ki, lor həkimlər icra etməlidirlər, bu rezidentura təhsilinə daxil olan bir prosesdir həm də. Lor cərrahın bu əməliyyatları icra etmək üçün tam səlahiyyəti var. Dörd illik rezidentura təhsilində lor həkim rinoplastika, otoplastika, larinqoplastikanı öyrənir. Əlbəttə ki, hər lor həkim bu əməliyyatları etmir. Bu sahə üzrə təkmilləşib, ixtisasını artıranlar bu işlə məşğul ola bilər və olurlar.