Son günlər yağan yağışlar Kür çayında sululuğun artmasına səbəb olub.
Modern.az APA-ya istinadən məlumat verir ki, çayın Qazax rayonu ərazisindən keçən hissəsində Kürün məcrasından çıxması və ətrafa yayılması nəticəsində əkin sahələri və təsərrüfatlara ziyan dəyib.
Fəsadlar əsasən rayonun Aşağı Salahlı kəndi ərazisini əhatə edib. Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində hektarlara örüş və əkin sahələrinə ziyan dəyib. Kənd sakinlərinin çay kənarında yerləşən təsərrüfatları sonuncu dəfə ötən ilin may ayında da sel suları altında qalmışdı. Bu ilki fəsadlar ötən ilkindən dəfələrlə az olsa da gündəlik mal-qaralarını örüşə aparan sakinlər həmin ərazilərin su altında qalması səbəbindən indi heyvanları ot az olan dərələr və boşluq ərazilərdə otarmaq məcburiyyətində qalıblar.
Aşağı Salahlı kənd icra nümayəndəliyindən bildirldi ki, təbii fəlakət nəticəsində 4 ha günəbaxan sahəsinə və 10 hektarlıq örüş torpaqlarına ziyan dəyib.
Kürün su basma ehtimalı olan ərazilər nəzarətdə saxlanır və lazim gəldikdə texnikalarla da müdaxilə ediləcək. Suyun səviyyəsində isə ötən günlərə nisbətən enmə müşahidə edilir.
Qazax rayon İcra Hakimiyyətindən bildirilib ki, 14-16 aprel 2025-ci il tarixlərində yağan güclü yağışlar səbəbindən Kür çayında suyun həcminin artması nəticəsində Qazax rayonunun Aşağı Salahlı kəndində 5 hektar örüş və Orta Salahlı kəndində sakinlərə məxsus 15 hektar biçənək sahələrinə ziyan dəymiş, Coğaz və Ehram çaylarında suyun həcminin artması nəticəsində Dəmirçilər kəndində uzunluğu 27 metr və İkinci Şıxlı kəndində uzunluğu 204 metr olan körpülər qəzalı vəziyyətə düşmüşdür.