AZ

Azərbaycanşünaslığın aktual məsələləri: yeni dövrün Azərbaycanı - XVI Beynəlxalq Elmi Konfrans

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: yeni dövrün Azərbaycanı” mövzusunda XVI Beynəlxalq Elmi Konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın əsas məqsədi Azərbaycanın elmi potensialının beynəlxalq miqyasda tanıdılması və bu sahədə aparılan tədqiqatların qlobal elmi diskurslara inteqrasiyasına töhfə verməkdir. Beynəlxalq tədbir Azərbaycanın milli irsinin, tarixinin, geosiyasi mövqeyinin, mədəni və ictimai-siyasi inkişafının müxtəlif aspektlərinin elmi müstəvidə geniş şəkildə müzakirəsi üçün platforma rolunu oynayıb.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, konfrans son iki ildir ki, “Yeni dövrün Azərbaycanı” devizi altında təşkil olunur. Qeyd edib ki, bu tədbir Ulu Öndərin azərbaycançılıq ideologiyası fonunda formalaşan milli kimliyimizin təhlili, müasir Azərbaycanın keçdiyi inkişaf yolu və regionda tutduğu strateji mövqeyin elmi əsaslarla araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Rektor bildirib ki, builki konfransda Türkiyə, Estoniya, Gürcüstan, Özbəkistan və digər ölkələrdən nümayəndələr iştirak edir: “Qonaqlar arasında Gürcüstanın Kutaisi Universitetinin, Özbəkistanın Ürgənc Universitetinin, Türkiyənin Qars Qafqaz Universitetinin rektorları yer alır. Eyni zamanda, Azərbaycanın bir çox ali təhsil müəssisələrindən alimlər və tədqiqatçılar bu tədbirdə iştirak edir.

Daha sonra çıxış edən qonaqlar - Milli Məclis Sədrinin müavini Musa Qasımlı, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Akaka Tsereteli Dövlət Universitetinin rektoru Şalva Kirtadze, Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruza Madrakhimova, Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, təqaüddə olan general, Şuşa Azərbaycan Evi İdarə Heyətinin üzvü Yücel Karauz tədbirin əhəmiyyətindən söz açıblar.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu və regionda artan rolu elmi dairələr üçün ciddi tədqiqat mövzusudur. Qeyd edilib ki, müasir dövrdə azərbaycanşünaslıq yalnız tarixi və filoloji aspektlərlə məhdudlaşmamalı, eyni zamanda, geosiyasi, hüquqi və mədəni çalarları ilə öyrənilməlidir. Bildirilib ki, belə konfranslar elmi mübadilə baxımından olduqca faydalıdır və müxtəlif ölkələrdən tədqiqatçıların təcrübə paylaşması ümumi elmi irsə töhfə verir. Vurğulanıb ki, Azərbaycanın çoxmədəniyyətli və tolerant cəmiyyət modeli digər ölkələr üçün nümunə kimi təqdim oluna bilər.

Tədbir “Heydər Əliyev və güclü Azərbaycan”, “Qərbi Azərbaycan: milli irs və qayıdış hüququ”, “Yeni dövrün çağırışları: milli ideya və gələcəyə baxış” mövzularında bölmə iclasları ilə davam edib.

Qeyd edək ki, konfransın ikinci günündə “Konstitusiya və suverenlik”, “Müharibə və post-müharibə dövrü ədəbiyyatda və incəsənətdə”, “Yeni geosiyasi mərkəz – türk dünyası” mövzuları müzakirə ediləcək.

 

Seçilən
0
1
azertag.az

2Mənbələr