Hindistan və Pakistan yenidən müharibə astanasındadır. Tərəflər geri çəkilib gərginliyin aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımlar atmazlarsa, Hindistan-Pakistan qarşıdurması ciddi qlobal nəticələrə səbəb olacaq ki, bundan da qazanan tərəf olmayacaq.
Bəs o zaman Hindistan-Pakistan müharibəsinin fitilini yandırmaq kimin faydasına, kimin ziyanınadır?
İlk olaraq onu qeyd etmək istərdim ki, Hindistan-Pakistan qarşıdurmasının daha da gərginləşməsini ən çox istəyən ölkə varsa, onlardan biri də Ermənistandır.
İrəvan hesab edir ki, Hindistan-Pakistan qarşıdurması Ankara-Bakı-İslamabad oxuna zərbədir və mövcud böhran bu ölkələr arasında əlaqələrin istənilən səviyyədə inkişafına imkan verməyəcək. Bu baxımdan da İrəvan bacardıqca gərginliyin davam etməsində maraqlı olmaqla yanaşı, Hindistan tərəfinə müxtəlif vasitələrlə dəstək verən tərəflərdən biri olacaq.
Hindistan-Pakistan böhranının dərinləşməsi ilk növbədə Donald Tramp administrasiyasının maraqlarna cavab verir. Ağ Ev Hindistan-Pakistan böhranını dərinləşdirməklə bir neçə hədəfə nail olmaq istəyir.
- Ağ Evin əsas strategiyası sürətlə qlobal gücə çevrilən Çini zərərsizləşdirmək və Pekinin bölgədə maraqlarına zərbə vurmaq;
- Hindistan, Çin, Pakistan arasında böhranı dərinləşdirməklə çoxqütblü dünyanın formalaşdırılması məqsədilə yaradılan və beynəlxalq münasibətlər sistemində ciddi rola malik olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİKS kimi təşkilatlarda üzv ölkələr arasında etimadsızlıq mühiti yaratmaqla, həmin təşkilatların effektivsizliyinə nail olmaq;
- Sincan-Qvadar Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) təhlükəsizliyinə təhdid yaratmaq. Bu dəhliz Pekinin “bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi kimi Çinin Şərq hissəsini ən qısa Cənub Dəhlizinə birləşdirən yoldur.
- Qarşıdurmanın şiddətlənməsində qlobalistlər, xüsusən də Avropa maraqlı tərəfdir. Çünki onlar çoxqütblü dünya tərəfdarı olan güclər arasında nifaqın dərinləşməsində və onları parçalamaqda bu böhrandan faydalanmağa çalışırlar.
- Maraqlı güclər Şərqi və Cənub-Şərqi Asiyada böhranı dərinləşdirməklə bölgədə geosiyasi və geoiqtisadi planlarını reallaşdırmağa çalışırlar.
- Böhran qlobal silah alverçilərinin də marağına cavab verir.
- Hindistanla İslam dünyası arasında münasibətləri gərginləşdirmək;
- Qlobalistlərin təsir dairəsində olan Ukrayna da böhrandan faydalanmağa çalışır.
- Hindistan-Pakistan qarşıdurması Moskvanın maraqlarına nə qədər zidd olsa da, böhrandan faydalanmağa da çalışacaq. Necə deyərlər, Moskva “bir güllə ilə bir neçə dovşan vurmağa” çalışacaq. Amma onu da unutmaq lazım deyil ki, böhranın davam etməsi Moskvanın çoxqütblü dünyanın formalaşdırmaq istədiyi ŞƏT və BRİKS-ə ciddi təhdidlər yaradır. Çünki həm Pakistan, həm də Hindistan bu təşkilatların tamhüquqlu üzvləridir.
Hindistan-Pakistan münaqişəsi beynəlxalq təşkilat olaraq ŞƏT, BRİKS, bütövlükdə Asiya qitəsi ölkələrinin, xüsusən də Çin, Türkiyə, Azərbaycan, Rusiya, İran və digərlərinin birbaşa maraqlarına ziyandır.
İki ölkə arasındakı böhranın dərinləşməsi və uzun müddət davam etməsi, eyni zamanda Hindistanın da maraqlarına cavab vermir. Nəticə etibarilə bundan itirən tərəf Hindistan olacaq. Çünki bu hadisə Hindistanın bölgədəki geosiyasi mövqelərinə mənfi təsir göstərəcək.
Mürtəza
Ölkə.az