AZ

“Region yeni və dağıdıcı bir müharibəyə doğru gedir” – Taleh Əliyev – ÖZƏL

"Təəssüf ki, Pakistanla Hindistan arasında, demək olar ki, hər iki dövlətin müstəqillik qazandığı tarixdən bəri davam edən siyasi-hərbi qarşıdurma artıq açıq hərbi münaqişəyə çevrilmək ərəfəsindədir. Son baş verən insident - Kəşmir bölgəsində turistlərə qarşı törədilən terror aktı və Hindistanın bunu birbaşa Pakistan hökuməti ilə əlaqələndirməsi - iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirib".

Bu fikirləri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev Olaylar.az-a açıqlamasında deyib. O qeyd edib ki, Hindistan və Pakistan arasında artan gərginlik nüvə silahlarının istifadəsi riskini artıraraq region və dünya üçün ciddi təhlükələr yaradır:

"Hindistanın davranışlarından görünür ki, bu terror aktını bir bəhanəyə çevirərək Pakistanla hərbi qarşıdurmanın başlanmasında maraqlıdır. Pakistan tərəfinin hərbi qarşıdurmadan yayınmaq üçün etdiyi təkliflər isə ya görməzlikdən gəlinir, ya da laqeydliklə qarşılanır. Artıq tərəflər arasında ilk hərbi toqquşmanın baş verməsi ehtimalı reallığa çevrilməkdədir və bu, çoxlu sayda insan tələfatı ilə nəticələnə biləcək, sonu bəlli olmayan bir müharibənin başlanğıcı ola bilər. Bu müharibənin ən təhlükəli tərəfi isə odur ki, hər iki ölkə nüvə silahına malikdir və bu silahların istifadə olunması təkcə Hindistanla Pakistan üçün deyil, bütövlükdə region və dünya üçün ciddi təhlükələr yarada bilər. Söhbət rəsmi şəkildə nüvə müharibəsinin başlanmasından gedir və bu hal baş versə, bəşəriyyət üçün heç də ümidverici bir gələcək vəd etmir".

Siyasi şərhçinin sözlərinə görə, Beynəlxalq hüququn təsir gücünü itirdiyi və vasitəçiliyin nəticə vermədiyi bir şəraitdə region, böyük insan tələfatı və dağıntılarla nəticələnə biləcək yeni və dağıdıcı bir müharibəyə sürüklənir.

"Vasitəçilik və beynəlxalq hüququn bu məsələdə təsir gücünə gəldikdə isə, Rusiyanın Ukraynanı işğal etməsindən sonra demək olar ki, beynəlxalq hüquq da öz legitimliyini böyük ölçüdə itirib. Artıq heç kim başqasının çağırışına qulaq asmaq və ona əməl etmək istəmir. Vasitəçilərin effektiv olması da inandırıcı görünmür. Çin tərəfinin vasitəçiliyini Hindistan qəbul etmir. ABŞ isə tərəfləri sadəcə səbrə dəvət etməklə kifayətlənir və daha fəal mövqe nümayiş etdirmir. Digər ölkələrin isə hər iki dövlət tərəfindən vasitəçi kimi qəbul ediləcəyi real görünmür. Bütün bu vəziyyətdən belə nəticəyə gəlmək olar ki, region yeni və dağıdıcı bir müharibəyə doğru gedir. Bu müharibə böyük insan tələfatı və dağıntılarla yadda qalacaq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr