BAKI, 7 may. TELEQRAF
İddialara görə Azərbaycanın müxtəlif rayonlarında yaşayan 40 şagird məktəbdən yayınaraq dini təhsilə cəlb olunublar.
Beyləqan rayon İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbinin direktoru Pərvanə Quliyeva müxtəlif rayonlardan şagirdləri sözügedən məktəbə qeydiyyata salıb. Amma həmin şagirdlərin məktəbdə yalnız adı yazılıb, özlərini isə görən olmayıb. Belə ki, həmin şagirdlərin ailələri direktora 1500 manat verərək, adlarını məktəbdə qeydiyyata aldırıb, özlərini dini məktəblərə təhsil almağa göndəriblər.
Məlumata əsasən şagirdlər İslam dininin sələfi (vəhabi) cərəyanına məxsus olan ailələrin övladlarıdırlar.
İddialara münasibət öyrənmək üçün Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən Teleqraf-a bildirilib ki, məsələ araşdırma üçün Mil-Muğan Təhsil İdarəsinə yönləndirilib.
“Qeyd olunan iddiaların çox ciddi olduğunu, bununla bağlı mətbuatın çoxsaylı müraciətlərini nəzərə alaraq ictimaiyyətə məlumat veriləcək”, - Agentlikdən bildirilib.